“Part-time təhsil alan tələbə uğurludursa təqaüd almağa layiqdir” - TƏHSİL EKSPERTİ


Ötən gün Nazirlər Kabineti tələbələrə təqaüdlərin təyin olunması və ödənilməsi qaydasında dəyişiklik edib. Yeni qaydalar barədə məlumat almaq üçün təhsil eksperti, Qoşqar Məhərrəmovla əlaqə saxladıq.
Qoşqar Məhərrəmov Yeniavaz.com-a açıqlamasında bildirdi ki, dünya təcrübəsində tələbələrin ümumi orta müvəffəqiyyət göstəriciləri (ÜOMG) nəzərə alınaraq təqaüd təyin olunur: "Nazirlər Kabinetinin qərarı ilə bundan sonra ali təhsil və orta ixtisas təhsili müəssisələrinə, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinə hər bir ixtisas üzrə ÜOMG göstəricisi nəzərə alınaraq təqaüd veriləcək. Qeyd etmək lazımdır ki, 2000-ci illərin əvvəlindən Türkiyə ali təhsil sistemində tələbələrə verilən kredit və ya təqaüdlər var idi. Burada tələbələr uğursuz nəticə göstərdiyi təqdirdə verilən bütün təqaüdlər dayandırılırdı”.
Ekspertin sözlərinə görə, həmin qanunda, tədrisə qismən cəlb olunan (part-time) tələbələrin ümumiyyətlə təqaüddən məhrum olunması düzgün addım deyil. Əgər tələbə uğurlu nəticə göstərirsə o, təqaüd almalıdır: "Ümumiyyətlə, "part-time" ona görə faydalıdır ki, artıq işləmək məcburiyyətində olan insanlar da oxuya bilsin. Amma burada "part-time" tələbələrin dövlət qrandından, təqaüddən məhrum olmağı fikrimcə düzgün olmayıb. Ola bilsin düşünülüb ki, qismən təhsilə cəlb olunan insanlar işləmək imkanına sahibdirlər ona görə də təqaüdə ehtiyacları yoxdur. Amma bu da bir gerçəkdir ki, tələbə uğurlu nəticə göstərirsə təqaüd almağa layiqdir. Bəlkə də onlar üçün də yaxın gələcəkdə təqaüd düşünüləcək".
Tələbə təqaüdlərində edilən dəyişikliklərlə bağlı məlumat almaq üçün isə təhsil eksperti Səbuhi Hüseynovla danışdıq. O, Yeniavaz.com-a açıqlamasında bildirdi ki, kəsiri olan tələbələr ancaq bu hallarda yenidən təqaüd ala biləcək: "Qərarda birbaşa qeyd olunub ki, cari və aralıq qiymətləndirmənin ümumi nəticələrinə, habelə aralıq qiymətləndirmənin nəticəsinə görə, eləcə də üzrsüz səbəbdən imtahanda iştirak etmədiyinə görə akademik borcu yaranan semestrdə, imtahan sessiyasından sonra növbəti semestr başlayanadək həmin fənni dinləmədən imtahan verərək və ya yay semestri dinləyərək müvəffəq qiymət almış tələbə növbəti semestr təqaüd almaqda olan tələbələrin siyahısına daxil edilmir. Misal üçün əgər tələbə 2-ci kursun ilk semestri imtahan verərkən hər hansı bir fənndən kəsiri yaranarsa artıq növbəti semestr ərzində o kəsiri nə zaman tamamlamasından asılı olmayaraq təqaüd alan tələbələrin siyahısından çıxarılır. İkinci kursun ikinci semestrində onun heç bir halda yenidən təqaüd almaq imkanı olmur. İkinci kursun  ikinci semestridə təqaüd almayan tələbə ancaq ikinci kursun ikinci semestrinin yekunlarına görə, ÜOMG-ri  təqaüd alacaq tələbələr siyahısına düşərsə yalnız bundan sonra üçüncü kursun ilk semestrindən etibarən təqaüd alanlar siyahısına qoşula bilir”.
Lalə Cəfərli
 

DİGƏR XƏBƏRLƏR

Top