"Deputatlar da and içsinlər" - Xalq artistindən TƏKLİF


Konstitusiya Məhkəməsi yeni deputatların siyahısını təsdiq etdikdən sonra Milli Məclis öz işinə başlayacaq.

Türkiyədən fərqli olaraq, Azərbaycan parlamentində deputatlar fəaliyyətə başlayarkən and içmirlər. Amma dövlət qulluğuna qəbul edilən məmurlar, həkimlər, əsgərlər üçün xüsusi andiçmə mərasimləri təşkil olunur.

Son vaxtlar deputatların da and içməsini təklif edən adamların sayı xeyli artıb. Bəzi sosial şəbəkə iştirakçıları hesab edirlər ki, deputatlar and içərlərsə, öz vəzifə borclarını daha layiqincə yerinə yetirərlər.

Xalq artisti Şeyx Əbdül Mahmudbəyov Yenisabah.az saytına açıqlamasında deyib ki, belə bir ənənənin yaradılması olduqca zəruridir: "Bir azərbaycanlı kişi, bir insan evindən çıxanda ya Allahın adını tutur, ya "Bismillah" deyib çıxır, yaxud ailəsindən xeyir-dua alıb çıxır. Burada pis heç nə yoxdur. Əgər bir insan Qurana əl qoyub and içirsə, onda onun sonrakı günahları Allahla-Quran arasında olur. O insan mütləq cəzasını alacaq. İnsanlar elə düşünməsinlər ki, onların etdiklərini qanun görmədi, xalq görmədi, onlar da çapıb-taladılar, xəyanət etdilər və getdilər. Xeyr! Hər şey yuxarıda yazılır, baxılır. Böyük Xətai deyib ki, "Qurulur ədl içün mizan, tərazi, bəd əməllər çəkiləcək, mədəd hey". Bu mənada andiçmə məsələsi çox gözəl ideyadır. Mən müvafiq dövlət qurumlarına səslənirəm ki, deputatların and içməsini təşkil etsinlər. Əgər biz bir çox məsələlərdə türk qardaşlarımıza istinad ediriksə və Türkiyədə deputatlar and içirsə, biz də and içək. Biz anddan, kişilikdən, düz sözdən niyə qorxuruq ki? Bu həqiqətən gözəl ideyadır, bunu etsələr mən çox razı qalaram. Bəlkə, haradasa onların insafları, vicdanları oyanar, bizdən qorxmasalar da, anddan qorxarlar".

DİGƏR XƏBƏRLƏR

Top