
Qum şəhərində koronavirusdan ölən iki iranlı, Çin vətəndaşları və Çində olan insanlarla əlaqədə olmayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “RİA Novosti”yə açıqlamasında İran Səhiyyə Nazirliyinin Yoluxucu Xəstəliklər üzrə Milli Komitənin üzvü Məsud Mərdani deyib.
“Xəstəliyin necə yoluxması bilinmir. Ehtimallara görə, virus həmin şəxslərə şəhərə digər ölkələrdən gələn turistlər tərəfindən keçib. Lakin, bu fakt dəqiq deyil” – deyə, M.Mərdani bildirib.
Tibb Elmləri Universitetinin rektoru Məhəmməd Rza Qadir “IRIB”-ə açıqlamasında, koronavirus şübhəsi olan insanların karantində saxlanılması üçün ölkədə iki xəstəxananın ayrıldığını bildirib. Bununla belə, o, Qumda virusla bağlı məsələnin nəzarətdə olduğunu və narahatçılığa ehtiyac olmadığını vurğulayıb.
Qeyd edək ki, Qumda koronavirusla bağlı məsələnin araşdırılması üçün məktəb və universitetlərdə dərslərin təxirə salındığı bildirilib. Eyni zamanda yoluxmanın necə baş verməsinin müəyyən olunmaması ekspertlər tərəfindən qorxunc hal kimi qiymətləndirilib.
İlahə Hüseynova