DİN: “Orada heç kəs xəsarət almayıb, heç orada jurnalist də olmayıb”


Dünən Mərkəzi Seçki Komissiyasının qarşısında deputatlığa namizədlərin etiraz aksiyasında iştirakçılara və jurnalistlərə polis tərəfindən xəsarət yetirilməsi ilə bağlı yayılan foto və videolara rəsmi münasibət bildirilib. 
Daxili İşlər Nazirliyinin mətbuat katibi Ehsan Zahidov Yeniavaz.com-a açıqlamasına orada ümumiyyətlə jurnalist olmadığını dedi: “Orada heç kəs xəsarət almayıb. Heç orada jurnalist də olmayıb. Orada dırnaqarası jurnalistlər olub. Həqiqi jurnalist deyildilər, dırnaqrası jurnalistlərdi. Jurnalist təhsili yox, konkret bir mətbuat orqanında işləmir, əlinə bir telefon alıb şəkil çəkir, deyir jurnalistəm”.
E. Zahidov həmçinin bildirdi ki, aksiya qanunsuz olub, polis də bunun qarşısını alıb və iştirakçıları oradan uzaqlaşdırıb.
Qeyd edək ki, ötən gün 10 saylı Binəqədi üçüncü seçki dairəsindən namizədliyini irəli sürmüş Rəbiyyə Məmmədova seçkilər zamanı baş vermiş qanun pozuntularına etiraz olaraq Mərkəzi Seçki Komissiyasının qarşısında aksiya keçirib. O qurumun inzibati binasının qarşısında əyləşib və onun çağırışı diqqətə alınmadan buradan ayrılmayacağını deyib. Daha sonra bir neçə namizəd də ona qoşulub. Bir müddət sonra polis aksiyanın qarşısını alıb və aksiyaçılar oradan uzaqlaşdırılıb. Dünənki aksiya zamanı Arzu Abdulun qabırğaları, Rəbiyyə Məmmədovanın isə qolunun sındığı bildirilir.

DİGƏR XƏBƏRLƏR

Top