ASAN Xidmətdən gözlənilməz addım: SMS-lərə niyə artıq pul ödəyir? - FOTOFAKT


Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) tabeliyində fəaliyyət göstərən "İnnovasiyalar Mərkəzi" MMC tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com-un məlumatına görə, tender müsabiqəsinin qalibi "L-SİM" MMC şirkəti olub. Müsabiqənin şərtinə görə "L-SİM" MMC  ASAN Xidmət üçün ("İnnovasiyalar Mərkəzi" MMC) SMS paketinin satın alınması xidmətini həyata keçirəcək.
Müsabiqənin şərtlərinə görə "L-SİM" MMC ASAN Xidmətə 12 milyon 500 min SMS-in yer aldığı paket təqdim edəcək və bunun üçün 280 min 250 manat pul alacaq.
Rəqəmlərdən də göründüyü kimi, ASAN Xidmət 1 SMS üçün 2,2 qəpik vəsait xərcləyəcək.
Məlumat üçün bildirək ki, "Dövlət Satınalmaları Haqqında" Qanunun  27-ci maddəsində açqı şəkildə qeyd olunur ki, satınalan təşkilat satınalma prosedurlarının başlanılmasından əvvəl satın alacağı malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətini hesablayır və təsdiq edir. Bir mənbədən satınalma üsulunun tətbiq edildiyi hallar istisna olmaqla, satınalan təşkilat tərəfindən satınalmaların ehtimal olunan qiyməti təsdiq olunmadan satınalma prosedurlarına başlanıla bilməz.
Qanunun 2-ci maddəsində isə qeyd olunur ki, malların (işlərin və xidmətlərin) ehtimal olunan qiyməti - satınalan təşkilat tərəfindən tenderin elan olunmasından əvvəl mövcud normativ hüquqi sənədlərə uyğun olaraq malların (işlərin və xidmətlərin) müəyyənləşdirilən orta bazar qiyməti.
"Malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətlərinin hesablanması üsulları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin  2019-cu il 18 mart tarixli 106 nömrəli Qərarının 2-ci bəndində  göstərilir ki, ehtimal olunan qiymətlərin və ya orta bazar qiymətinin hesablanması 4 üsulla (statistik üsul, bazar (sorğu) üsulu, açıq informasiya üsulu və analoq üsulu) aparılır. Bu zaman ehtimal olunan qiymət 2 və daha çox üsulla hesablandıqda, ən aşağı olan qiymət ehtimal olunan qiymət hesab edilir.
Nazirlər Kabinetinin məlum Qərarının 5.1-ci bəndində qeyd olunur ki, satınalan təşkilat satın alınması planlaşdırılan malların (işlərin və xidmətlərin) təchizatını (işlərin görülməsini və xidmətlərin göstərilməsini) həyata keçirən ən azı 3 (üç) malgöndərənin (podratçının) müxtəlif açıq informasiya mənbələrində (adını göstərməklə) yayımlanan qiymətlər barədə məlumatları əldə edir.
Açıq informasiya üsulu ilə müəyyən etmək mümkündür ki, bu gün bazarda SMS paketlərin qiyməti qalib şirkətin təqdim etdiyi 2,2 qəpikdən aşağıdır. Yeniavaz.com olaraq bu istiqamətdə xidmətlər təklif edən şirkətlər arasında apardığımız sorğu onu göstərir ki, 50-100 minlik kiçik SMS paketlərini belə 2,2 qəpikdən satın almaq mümkündür. Belə olan halda 12,5 milyonluq böyük SMS paketinin 2,2 qəpikdən satın alınması başadüşülən deyil.
Üstəlik nəzərə almaq lazımdır ki, ölkənin mobil operatorlarının təqdim etdiyi SMS paketlərinin qiyməti qeyd olunan qiymətdən dəfələrlə ucuzdur. Bu isə imkan verir ki, tender keçirən ASAN Xidmət mobil operatorların SMS paketlərini təqdim edən şirkətlərdən daha aşağı qiymətə xidmətlər satın alsın.
Müqayisə üçün qeyd edək ki, "Azercell" mobil operatoru 2,4 manata 200 ədəd SMS təqdim edir. Bu isə o deməkdir ki, 1 ədəd SMS-in qiyməti 1,2 qəpiyə bərabərdir.
Yaxud, "Bakcell" mobil operatoru 1000 ədəd şəbəkədaxili SMS paketini 2,99 manata təqdim edir. Bu da 1 ədəd SMS-in qiymətinin 0,3 qəpik olduğunu göstərir. 
Lakin, buna baxmayaraq ASAN xidmət "Dövlət Satınalmaları Haqqında" Qanunun  27.4-cü maddəsinin tələbinə zidd olaraq "L-SİM" MMC -nin tender təklifini qəbul edib. Halbuki, Qanunun 27.4-cü maddəsində açıq şəkildə yazılır ki, hər hansı təklifin qiyməti müvafiq malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətindən (orta bazar qiyməti) yüksək olarsa, satınalan təşkilat həmin təklifi satınalma prosedurlarından kənarlaşdırır.
Məsələ ilə bağlı tenderin keçirilməsinə məsul şəxs olaraq təqdim olunan Leyla İsmayılova ilə əlaqə saxladıq. Leyla İsmayılova yeniavaz.com-a açıqlamasında bizə, hesablamanı səhv apardığımızı bildirdi. Leyla İsmayılova həmçinin bildirdi ki, 2,2 qəpiyə SMS qiyməti ola bilməz və əlavə etdi ki, satın aldıqları SMS-in qiyməti təxminən 0,1 qəpik olub.
Daha sonra hesablamanı səhv aparmadığımızı bildirdikdən və onların da hesablama aparmasını istədikdən sonra Leyla İsmayılova qeyd etdi ki, onlar SMS paketinin satınalınmasını açıq tender üsulu ilə keçiriblər. Müraciət edən şirkətlər arasında ən aşağı qiyməti, yəni 1 ədəd SMS üçün 2,2 qəpik təklifini irəli sürən "L-SİM" MMC şirkəti qalib elan olunub.
"Əgər iştirakçı şirkətlər arasında ən aşağı qiymət təklifi 5 qəpik olasaydı, onu qalib elan edəcəkdiniz?", - sualımıza isə Leyla İsmayılova "Bəli, edəcəkdik", -cavabını verdi. 
ASAN Xidmət təmsilçisi onu da qeyd etdi ki, bütün bunları qanunvericiliyin tələblərinə uyğun aparıblar.
 



A.Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top