
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon bağlantısı yaradıb.
Bu barədə “Reuters” Türkiyə liderinin administrasiyasına istinadən məlumat yayıb.
Məlumata görə, Ərdoğan bildirib ki, Suriyada türk əsgərlərinə edilmiş silahlı hücum bu ölkədə sülhün bərqərar olması üçün birgə səyləri sarsıdır. Eyni zamanda, Türkiyə lideri Suriyada oxşar hücumlar təkrarlanacağı təqdirdə Ankaranın özünümüdafiə hüququndan istifadə edəcəyini deyib.
“Suriya Ərəb Respublikasındakı vəziyyət hərtərəfli təhlil olunub. İdlibdəki de-eskalasiya bölgəsində vəziyyətin gərginləşməsindən qarşılıqlı narahatlıq ifadə edilib”, - Kremlin mətbuat xidmətinin yaydığı məlumatda belə deyilir.
Kreml əlavə edib ki, Putin və Ərdoğan Suriyada koordinasiyanın effektivliyini artırmaq üçün Rusiya və Türkiyənin müdafiə nazirlikləri arasında tədbirlər görmək barədə razılığa gəliblər.
Ərdoğanla söhbətində Putin terrorçu qrupların fəallaşmasına diqqət çəkib, hücumların mülki insanların itkisinə səbəb olduğunu deyib.//APA