
Nazirlər Kabineti “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarında dəyişiklik edib.
Qüvvədə olan qərara əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa, şübhəli və ya təqsirləndirilən şəxs müdafiəçidən imtina etdikdə və bu imtina cinayət prosesini həyata keçirən orqan tərəfindən qəbul edilmədikdə, o cümlədən xüsusi ittihamçının nümayəndəsi və ölmüş zərər çəkmiş şəxsin hüquqi varisinə hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat müəyyən edilib.
Cinayət mühakimə icraatı zamanı tərcüməçi tərəfindən görülən işin haqqı bu iş cinayət prosesini həyata keçirən orqanın tələbi ilə yerinə yetirildikdə, hər iş saatı üçün 0,35 manat, cinayət mühakimə icraatı zamanı mütəxəssis və ya ekspert tərəfindən görülən işin haqqı bu iş cinayət prosesini həyata keçirən orqanın tələbi ilə yerinə yetirildikdə isə hər iş saatı üçün 0,35 manat məbləğində müəyyən olunub.
Bu qərar 2020-ci il yanvarın 1-dən tətbiq edilir.//APA