DYP-dən Qubad İbadoğlunun yazdığı “status”a cavab - bizim sürücülər xaricə çıxan kimi...


DİN BDYPİ tanınmış iqtisadçı ekspert Qubad İbadoğlunun sosial şəbəkədə paylaşdığı "status"a cavab verib.

Qubad İbadoğlu DYP-nin yazdığı "status"a verdiyi cavabı paylaşıb.
"DYP idarəsinin yazdığım statusa cavabını sizinlə bölüşür, eyni zamanda verdikləri operativ reaksiyanı və zəruri açıqlamanı təqdir və onu təqdim edirəm.
Hörmətli Qubad İbad oğlunun sosial şəbəkədə DYP əməkdaşlarının hərəkətin təhlükəsizliyinin təmini və tənzimlənməsi işinə verdiyi qiyməti yüksək dəyərləndirir, paylaşdığı fikirlərə və təkliflərə hörmətlə yanaşmaqla bərabər yazıdakı bəzi məqamlara aydınlıq gətirmək istərdik.

Belə ki, ABŞ-da nəqliyyat vasitəsini idarə etdiyi müddət ərzində bir dəfə də olsun polis tərəfindən saxlanılmadığını, lakin yay tətilində Bakı şəhəri ərazisində sərnişini olduğu avtomobillərin, özünün də qeyd etdiyi kimi yol hərəkəti qaydalarının pozulması səbəbindən 2 ildə 5 dəfə YPX əməkdaşları tərəfindən saxlanıldığını qeyd edib. Lakin təəssüflə qeyd etməliyik ki, nədənsə bizim sürücülərimiz ölkə hüdudlarını keçən kimi sanki həmin ölkə vətəndaşlarının xüsusiyyətini dərhal qəbul edərək intizamlı şəxsə çevrilir, qayıdan kimi əvvəlki vərdişlərini davam etdirirlər. Bunun başlıca səbəbi isə bizdə ictimai qınağın olmamasıdır.

Yəni hər kəs elə düşünməməlidir ki, qayda-qanuna riayət olunmasına nəzarəti ancaq hüquq mühafizə orqanları aparmalıdır. Sirr deyil ki, respublikada bəlkə də ən çox maarifləndirmə və təbliğat işləri yol hərəkəti təhlükəsizliyi ilə bağlı aparılmasına baxmayaraq sürücülərimizin əksər hissəsini qayda pozuntularına yol verməkdən çəkindirən ən təsirli vasitə inzibati tənbeh tədbiridir. Hörmətli alim qeyd edir ki, ötən yay Bakıda Novxanı yolunda ABU petroldan dənizə gedən yoldakı işıqforun sola bağlara, Mərdəkan yolunda Şaqana tərəf dönüşdə sərnişini olduğunuz maşınlar eyni səbəbdən - sağa dönüş yoluna girib düz hərəkət etdiyinə görə saxlanılıb və cərimə olunublar. Sual olunur, əgər qaydaları pozublarsa nəyə də cərimə olunmamalıdırlar? Axı onların törətdikləri xəta digər şəxslərin sərbəst və maneəsiz hərəkətinə mane olub. Yaxud, “DYP sürücülərin səhv etmək ehtimalı yüksək olduğu yerlərdə gizlənilir, bir növ mövcud boşluqlardan məqsədli istifadəyə yol verirlər” ifadəsi ilə də razılaşa bilmərik. Çünki yol-nəqliyyat hadisələri məhz sürücülərin həm səhv etmək, həm qayda pozmaq ehtimalı daha çox olan ərazilərdə baş verir və onlarla insan həmin yanlışlıqların qurbanı olurlar.

Təkliflərə gəlincə, yəqin üzü də razılaşar ki, bu gün Bakı şəhərində müşahidə kameralarının mövcud olduğu ərazilərdən DYP əməkdaşları yığışdırılsa həmin yolayrıcları keçilməz səddə çevrilər, xüsusilə də pik saatlarında. Digər təklifləri isə təqdirəlayiq hesab edir və bildiririk ki, DİN rəhbərliyinin apardığı davamlı islahatlar nəticəsində onlardan bəziləri artıq öz həllini tapıb, sürücü və piyadalar arasında maarifləndirmə işləri də mütəmadi olaraq davam etdirilir.

Ümid edirik ki, tanınmış ictimaiyyət nümayədəsi və iqtİsadçı alim kimi Qubad müəllim hərəkət iştirakçılarının yol hərəkəti qaydalarına riayət etmələri istiqamətində onlara dəyərli tövsiyələrini verəcək, insanların həyat və sağlamlığının yol qəzalarından qorunması üçün maarifləndirmə və təbliğat işlərinin aparılmasında bizlərə yardımçı olacaq".

 

DİGƏR XƏBƏRLƏR

Top