DİN: "Murad Süleymanovun polisdən ayrılmaq istəyi düzgün addımdır" - SƏBƏB


Xəbər verdiyimiz kimi, Tovuz rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyevanın qətlində şübhəli bilinən İlkin Süleymanovun polis əmisi oğlu Murad Süleymanov Daxili İşlər Nazirliyi orqanlarında xidmətdən getməklə bağlı raport təqdim edib. Buna səbəb olaraq, onun da cinayət barədə təqsirləndiyini göstərib.
Daxili İşlər Nazirliyinin mətbuat katibi Ehsan Zahidov Nərmin Quliyevanın qətlində şübhəli bilinən İlkin Süleymanovun əmisi oğlu Murad Süleymanovun xidmətdən getmək istəyinə münasibət bildirib.
Ehsan Zahidov Yeniavaz.com-a açıqlamasında bildirib ki, Murad Süleymanov yəqin ki, Daxili İşlər Nazirliyində işləmək üçün mənəvi haqqının olmadığını fikirləşərək xidmətdən getmək istəyib:
"Onun yaxın qohumu ağır cinayət törətməkdə şübhəli bilinərək həbs olunub. Bu səbəbdən Murad Süleymanov da onun yaxın qohumu olaraq DİN-də xidmətdən getməklə doğru qərar verib. Onun hazırda aparılan istintaq barədə şübhələrinə gəldikdə isə buna istintaq və əməliyyat-axtarış tədbirlərinin sonunda hər şey aydınlaşdıqdan sonra cavab veriləcək".
Qeyd edək ki, Murad Süleymanov DİN-də xidmətinə son verilməsi üçün raport verməsinə səbəb kimi mənəvi haqqının olmadığına görə yox, onun da cinayətlə bağlı şərləndiyini göstərib:
"Polis əməkdaşı olmağıma baxmayaraq, mənim özümü də şərləyirdilər. Məhz bu səbəbdən istefa ərizəmi yazıb göndərmişəm. Ərizəmi yazmağıma səbəb İlkinə və mənim özümə olan haqsızlıqdır”.
Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top