"Fatimənin təhsildən uzaqlaşdırılmasına qərar verən şuranın belə bir səlahiyyəti yoxdur" - EKSPERT


Azərbaycanda erkən nikaha daxilolma sosial və aktual mövzu olaraq qalmaqdadır. Belə hallar, xüsusilə də yetkinlik yaşına çatmayan qızların erkən nikaha cəlb edilməsi valideyn məcburiyyəti əsasında yaranır. Qızlarını erkən yaşda evliliyə məcbur edən ailələr çox zaman bunu maddi çətinliklə əlaqələndirir və onlara məktəbli forması, çanta və digər ləvazimatlar ala bilmədiklərini deyirlər. Çıxış yolunu isə onları 15-16 yaşlarında ərə verməkdə görürlər. Hətta maddi sıxıntı ilə yanaşı problemin kökündə valideynlərin mental düşücələri də dayanır. Belə ki, onlar elə düşünürlər ki, qız uşağı bəlli bir yaşa çatıbsa, onların başını aşağı salacaq hər hansı bir hərəkət etməyincə ərə versələr daha yaxşıdı. Lakin onlar övladlarını həm sosial cəmiyyətdən, həm də  təhsildən uzaqlaşdırmaqla bir çox fəsadlara səbəb olduqlarının fərqinə varmırlar. Bu fəsadlar isə məişət zorakılığından tutmuş, doğuş zamanı ana-uşaq ölümləri və fiziki-psixoloji çətinliklərlə daha çox müşahidə olunur. Belə hallara normal yaşda evlənənlərlə müqayisədə, erkən nikaha girən ailələrdə daha çox rast gəlinir. Masallıda iyirmi gün öncə toyu olan 16 yaşlı Fatimə Qəmbərovanın dünən əri tərəfindən öldürülməsi məsələsi də buna bir sübutdur. Öldürülən yetkinlik yaşına çatmayan gəlinin yaşı ilə yanaşı diqqətçəkən məqamlardan biri də, onun təhsildən uzaqlaşdırılmasıdır. Belə ki, 2019-cu il noyabr ayının 1-də ananın təkidi ilə Fatimənin məsələsi məktəbin pedaqoji şurasında müzakirə edilib və ailə vəziyyəti nəzərə alınaraq o, məktəbdən azad edilib.

Qız uşaqlarının təhsildən yayındırılması məsələsinin ciddiliyini nəzərə alaraq məsələ ilə bağlı təhsil eksperti Qoşqar Məhərrəmovla əlaqə saxladıq.
O, Yeniavaz.com-a açıqlamasında məktəblərdə yalnız məktəbdaxili komitələrin olduğunu və onların da belə qərar vermə hüquqlarının olmadığını bildirdi:
“Pedaqoji şura yalnız məxtəbdaxili məsələlərdə səlahiyyətli orqandır. Lakin həmin şuranın yetkinlik yaşına çatmayan uşaqlar haqqında təhsildən uzaqlaşdırma, yetkinlik yaşına çatıb artıq evlənə bilər kimi qərarları vermə hüququ yoxdur. Qanun qanundur və açıqdır. 9-cu sinfə qədər təhsil icbari xarakter daşıyır. Əgər 9-cu sinfi bitirməsi haqqında attestatı alınıbsa burda heç bir qanunsuzluq yoxdur. Lakin,  pedaqoji şuranın şagirdi məktəbdən uzaqlaşdırma səlahiyyəti yoxdur. Ümumiyyətlə yetkinlik yaşına çatmayan qızların erkən nikaha cəlb edilməsi doğru deyil. Uşaq fiziki inkişaf səviyyəsinə 15-16 yaşında çatsa da, əqli inkişaf səviyyəsinə 21-22, hətta bəzən 25-26 yaşlarında çatır. Buna görə də ailələr müstəqil düşünüb qərar verə bilməyən uşaqlarını nəinki zorakı ailə həyatına qoşmalı, hətta ona hər hansı məsuliyyəti verməkdə də tərəddüd etməlidirlər. Valideynin heç bir halda 9-cu sinifə qədər övladını məktəbə göndərməmə hüququ yoxdur. Azərbaycan qanunvericiliyinə görə 9-cu sinifə qədər təhsil icbari xarakter daşıyır. Sadəcə valideynlər səhiyyə ocaqlarında övladlarına yalandan xəstə kağızı alır və ya direktorla hansısa yolla saziş bağlayır, beləliklə də övladını təhsildən, məktəbdən uzaqlaşdırırlar.  Bu da təbii ki, qeyri-qanunidir. Bununla mübarizə aparmaq üçün isə hüquq mühafizə orqanları çox diqqətli olmalıdır. Həm məktəb direktoru, həm də hüquq mühafizə orqanları diqqətli olsalar valideynlər belə qeyri-qanuni hərəkətlər edə bilməyəcəklər”.

Ekspert eyni zamanada uşaqların erkən yaşda təhsildən uzaqlaşdırılmasının fəsadlarını da qeyd etdi:
“Erkən yaşda təhsildən uzaqlaşdırılma övladların gələcəyinə ciddi təsir edir. Onlar özlərini ifadə etməkdə çətinlik çəkirlər, iş həyatlarında uğursuzluqlar yaşayırlar. Çünki, öyrənmək individual hadisə deyil, eyni zamanda sosial prosesdir. Buna görə də direktor və hüquq mühafizə orqanları valideynlərin qeyri-qanuni təkliflərinə birmənalı şəkildə yox deməlidirlər. Onların övladlarını təhsildən yayındırma addımlarına qarşı tədbirlər görülməlidir. Hətta bəzən valideynlər uşaqlarını evdə təhsilə yönəldirlər. Evdə təhsil də bildiyimiz kimi, yalnız fiziki məhdudiyyətli, yəni məktəbə gələ bilməyən uşaqlar üçün nəzərdə tutulmuşdur. Bu zaman müəllimlər sağlam uşaqlar üçün gedib evdə təhsil vermirlər. Belə olduqda da uşaq təhsildən birmənalı şəkildə təcrid olunur”.

Vəkil Vamiq Şükürov isə Yenivaz.com-a açıqlamasında 17 yaşına çaymayan şəxslərin nikaha girməsinin qanunvericilikdə yolverilməz olduğunu bildirdi:
“Ailə Qanunvericiliyinə əsasən həm qız, həm də oğlan üçün evlilik yaşı 18 olaraq müəyyənləşdirilmişdir. Lakin müəyyən hallarda qadının qeydiyyatda olduğu İcra Hakimiyyətinin qərarı ilə nikah yaşı, 17 yaşından aşağı olmamaq şərti ilə bir il aşağı salına bilər. 17 yaşından aşağı yaşlarda isə qanunvericilik buna yol vermir. Erkən nikahda qadağaedici normalardan biri də, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1 maddəsinə əsasən 18 yaşına çatmış şəxslə, 16 yaşına çatmayan şəxs arasında cinsi əlaqənin qəbul edilməməsidir. Belə olduqda həmin şəxs 3 ilə qədər müddətdə azadlıqdan məhrum edilə bilər. Əgər bu əməl 14 yaşına çatmayan şəxs barəsində törədilirsə, bu zaman azadlıqdan məhrum etmə cəzası 3 ildən 6 ilə qədər olur. Hər iki şəxsin yetkinlik yaşına çatmadan ailə qurması barəsində isə təəssüf ki, qanunvericilikdə heç bir qadağa yoxdur və biz o şəxslərə qarşı heç bir şey edə bilmirik. Azərbaycan Respublikası Cinayət Məcəlləsində 176.1.1-ci, “Qadını nikaha daxil olmağa məcbur etmə” maddəsi də var. Həmin maddədə iki hal qeyd olunur. Birincisi yetkinlik yaşına çatmış qadının nikaha daxil olmağa məcbur etmə halı, bu zaman məcbur edən şəxs 2 min manatdan 3 min manatadək cərimə olunur və ya 2 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Eyni əməllər yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə bu dəfə bu əməli törədən şəxs 3 min manatdan 4 min manatadək miqdarda cərimə edilir və ya 4 ilədək müddətə azadlıqdan məhrum edilir. Lakin belə halların qarşısını almaq üçün yaxşı olardı ki, bu qanunsuzluğu törədən şəxslər üçün nəzərdə tutulmuş cəzalar artırılsın”.

Vamiq Şükürov eyni zamanda erkən nikahın bəzi rayonlarda normal qəbul edildiyini və buna görə də səlahiyyətli qurumların bu məsələyə o qədər də önəm vermədiyini bildirdi:
“Bildiyiniz kimi Rayon İcra Hakimiyyətlərində yetkinlik yaşına çatmayan şəxslər üçün kommissiyalar var. Həmin kommissiyanın üzvlərinin üzərinə qoyulan məsələlərdən biri də erkən nikaha daxil olan şəslərin hüquqlarını qorumaqdır, bununla bağlı tədbirlərin görülməsidir. Belə halları aşkar edərkən onlar səlahiyyətli orqanlara məlumat verməlidirlər ki, məsələ üzrə cinayət işi başladılsın. Bunları da rayon yerlərində toy etməklə və ya xəstəxanalarda doğum zamanı həkimlərin etdiyi qeydiyat nəticəsində aşkar etmək olur. Hüquq mühafizə orqanları əksər hallarda bu barədə məlumat tuturlar. Burada əsas maneə olan məsələlərdən biri milli mənəvi müstəvidə erkən nikaha daxil olmağa müsbət yanaşılmasıdır. Bu hallar əsasən cənub bölgəsində, rayon yerlərində baş verir və normal qəbul edilir. Buna görə də səlahiyyətli qurumlar buna o qədər də önəm vermirlər. Çünki, qaunvericiliyin tələbləri ilə əhalinin mədəni xüsusiyyətləri arasında vəhdət təşkil etməlidir. Bu vəhdət olmayanda insanlar belə hallara qarşı biganə yanaşırlar. Ona görə hesab edirəm ki, bu kimi hallarla mübarizə aparmaq üçün xüsusi layihələr hazırlanmalı və real tədbirlər görülməlidir”. 

İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top