
Sürücülər iddia edir ki, yol nəqliyyat hadisəsi baş verdikdə narahatlıq doğuran ən vacib hallardan biri qəza barədə doğru qərarın verilməməsidir. Ekspertlər bildirir ki, qəza baş verən yerdə hadisənin sxemi çəkilməli, proses mümkün qədər yerində həll edilməlidir. Ancaq, əksər hallarda yol polisi sürücülük vəsiqələrini götürüb şəxsləri idarəyə çağırmaqla kifayətlənirlər. Bütün məsələlər, yol polisi idarəsində, müəyyən otaqlarda həll edilir. Qəza vaxtı ortaya çıxan problemlərdən biri də əsassız şəkildə avtomobillərin cərimə meydançasına aparılmasıdır. Bəs, bu cür hallarla qarşılaşmamaq üçün nə etməliyik? Qəza baş verdikdən sonra hansı hallarda avtomobil cərimə meydançasına aparılmalıdır? Bütün bu suallara cavab tapmaq üçün yol nəqliyyat eksperti Elməddin Muradlı ilə əlaqə saxladıq.
Elməddin Muradlı Yeniavaz.com-a açıqlamasında bildirdi ki, qəza vaxtı ciddi zərər dəyməyibsə, sürücülər arasında razılıq əldə olunubsa yol polisi avtomobilləri cərimə meydançasına aparmalı deyil:
"Son vaxtlar qəza edən avtomobillərin yol polisi tərəfindən cərimə meydançasına aparılması halları ilə rastlaşırıq. Yol polisləri adətən bunu təhlükəsizlik tədbirlərini nəzərə alaraq, bəzən də hadisənin bilinməyən tərəflərinin araşdırılması məqsədi ilə edir. Bu iki haldan başqa avtomobilin cərimə meydançasına aparılmasına ehtiyac yoxdur. Əgər hadisə yerində, razılıq əldə olunubsa, sığorta məsələsi həll edilibsə, hansı səbəblə avtomobillər cərimə meydançasına aparılmalıdır? Burada təbii ki, cüzi toqquşmalardan söhbət gedir. Avtomobilin cərimə meydançasına aparılması inzibati xətalar məcəlləsi ilə müəyyənləşdirilir".
Qeyd edək ki, inzibati xətalar məcəlləsinə əsasən avtomobillər ancaq bu hallarda cərimə meydançasına aparıla bilər:
- dayandırılmış nəqliyyat vasitəsini idarə edən şəxsdə və onunla birlikdə gedən sərnişinlərdən hər hansı birində sürücülük vəsiqəsi olmadıqda;
- dayandırılmış nəqliyyat vasitəsini idarə edən şəxsdə nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, yaxud həmin nəqliyyat vasitəsini idarə etmək hüququ verən digər əsas (etibarnamə, icarə müqaviləsi, yol vərəqəsi) olmadıqda;
- nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanları və ya onlardan biri olmadıqda, yaxud saxta və ya qeyri-standart olduqda və ya nəqliyyat vasitəsini başqa nəqliyyat vasitəsinə verilmiş dövlət qeydiyyat nişanı ilə idarə etdikdə;
- dayandırılmış nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrəsi nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindəki rəqəmlərə uyğun gəlmədikdə;
- dayandırılmış nəqliyyat vasitəsi sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olan şəxs tərəfindən idarə olunduqda və onunla birlikdə gedən sərnişinin nəqliyyat vasitəsini idarə etmək hüququ olmadıqda;
- nəqliyyat vasitəsində normativ tələblər pozulmaqla avadanlıq quraşdırıldıqda və ya dəyişdirildikdə, nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklər çəkildikdə, nəqliyyat vasitəsi müvafiq icazə olmadan xüsusi səs (çoxavazlı) və ya sayrışan işıq siqnalları ilə təchiz edildikdə, bu pozuntuları yerində aradan qaldırmaq mümkün olmadıqda (yerində aradan qaldırmaq mümkün olduqda avtomobil cərimə meydançasına aparıla bilməz);
- yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində icra edilməməsinə görə nəqliyyat vasitəsinin saxlanılması barədə məhkəmə və ya DYP orqanının qərarı olduqda;
- icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblər pozulmaqla yüklənən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələri ümumi istifadədə olan avtomobil yollarında idarə edildikdə.
- sürücü müxtəlif hüquqazidd əməllər edərsə, o cümlədən cinayət xarakterli yol-nəqliyyat hadisələrini törətməsinə görə inzibati qaydada və ya cinayət-prosessual qaydada tutulduğu halda
- dayanma və durma qaydalarını pozmaqla park edilmiş və sürücünün nəqliyyat vasitəsinin yanında olmadığı halda avtomobil cərimə meydançasına aparıla bilər.
Ekspert bildirdi ki, hazırda yol polisinin baş verən yol nəqliyyat hadisələrinə yanaşması ümumiyyətlə dəyişilməlidir: "Son vaxtlar şahidi oluruq ki, inspektr gəlir, hər iki tərəfin sürücülük vəsiqələrini alır və "filan nömrəli oratağa yaxınlaşarsız" deyərək gedir. Bu yanaşma ümumiyyətlə doğru yanaşma deyil. Çünki, sürücülər arasında hər hansı narazılıq ola bilər. Ona görə, hadisə yerinin sxemi çəkilməlidir, hər iki tərəf danışdırılmalıdır, sonra digər addımlar atılmalıdır".
Ruslan Yusibov