
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Masallıda baş verən qətllə bağlı məlumat yayıb.
Məlumatda qeyd olunur ki, 29.01.2020-ci il tarixdə kütləvi İnformasiya vasitələrində Masallı rayon Həsənli kənd sakini yetkinlik yaşına çatmayan 2003-cü il təvəllüdlü Qəmbərova Fatimə Mais qızının 2 həftə öncə Xoşçobanlı kənd sakini ilə evləndiyi, yetkinlik yaşına çatmayanın ölməsi ilə bağlı məlumat öz əksini tapıb. Faktla bağlı cinayət işi açılıb.
Məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hüquq mühafizə orqanlarına və yerli icra hakimiyyəti orqanına sorğu ilə müraciət edilib.
Eyni zamanda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 176-1.1.-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayan qızı nikaha daxil olmağa məcbur etmə cinayət məsuliyyəti nəzərdə tutur.
Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 51.6-cı maddəsinə əsasən uşağın həyat və sağlamlığının təhlükədə olması, onun həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb olunması, hüquqlarının və qanuni mənafelərinin pozulması barədə məlumatı olan vəzifəli şəxslər və digər vətəndaşlar bu barədə uşağın faktiki olduğu yerin yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanına məlumat verməyə borcludurlar. Qəyyumluq və himayə orqanı bu cür məlumat aldıqda uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün zəruri tədbirlər görməyə borcludur.
Qeyd edək ki, Masallı rayonu Xoşçobanlı kənd sakini, 2003-cü il təvəllüdlü Fatimə Qəmbərova 2 həftə əvvəl evləndiyi 2001-ci il təvəllüdlü Xoşçobanlı kənd sakini İman Məmmədov tərəfindən qətlə yetirilib.