Qəzada həyatını itirən məşhur idmançılar – SİYAHI


Demək olar ki, hər gün insan ölümü ilə nəticələn qəza xəbərləri ilə rastlaşırıq. Bu qəzalar sıravi vətəndaşlarla yanaşı tanınmış idmançıların da həyatına son qoyur.
Yeniavaz.com bugünə qədər avtoqəzada həlak olan idmançıların siyahısını təqdim edir:
İlk olaraq siyahıya bu gün helikopter qəzasında həlak olan NBA ulduzu, basketbolçu Kobe Brayant ilə başlayaq. 41 yaşlı idmançının şəxsi helikopteri Los-Anceles (Kaliforniya) yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində Kobe Brayantın 13 yaşlı qızı ilə birlikdə 9 nəfər dünyasını dəyişib.
ABŞ Yüksək Beysbol Liqasının ulduzu Xose Fernandes də qəzada dünyasını dəyişən idmançılardandır. O, ABŞ-da Mayami şəhəri sahilində gəmi ilə qəzaya düşüb. Belə ki, 30 metrlik gəminin qayaya çırpılması nəticəsində 24 yaşlı Xose Fernandes də daxil olmaqla, 3 nəfər ölüb.
Tanınmış basketbolçu Rasual Butler də yol qəzasında ölüb. O, ABŞ-ın Kaliforniya ştatında avtomobil qəzasına uğramışdı. Qəza nəticəsində idmançının özü ilə yanaşı həyat yoldaşı da dünyasını dəyişmişdi. Basketbolçu Rasual Butlerin həyat yoldaşı müğənni Lia Label idi. Qeyd edək ki, 38 yaşlı Rasual Butler Milli Basketbol Assosiasiyasında (NBA) 809 oyun keçirib. Müxtəlif illərdə "Miami Hit", "Los Angeles Clippers", "Chicago Bulls" kimi klubların şərəfini qoruyan R.Butler karyerasını 2016-cı ildə "San Antonio Spurs" klubunda başa vurub.
Məşhur çexiyalı futbolçu Jozef Sural Türkiyədə yoldaşlıq görüşündən qayıdarkən ağır qəzaya düşərək dünyasını dəyişib. Hadisə Kayserispor” – “Alanyaspor” matçından evə qayıdarkən olub. Qəza nəticəsində 7 futbolçu xəsarət almışdı. Onlardan yalnız futbolçu Jozef Sural dünyasını dəyişmişdi. Hadisəyə səbəb sürücünün sükan arxasında yatması olmuşdu.
Qəzada dünyasını dəyişən futbolçulardan biri də Ekvadorun “LDU Ktio” klubunun futbolçusu Edison Realpe-dir. 23 yaşlı futbolçu ötən il avtomobil qəzasında dünyasını dəyişib. Onun yüksək sürətlə idarə etdiyi atomobili yoldan çıxaraq qəzaya düşüb.  
Belarusun "Vitebsk" futbol komandasının qapıçısı Andrey Şerbakov həyat yoldaşı və uşağı ilə birgə 2018-ci ildə avtomobil qəzasında ölüb. 27 yaşlı qolkiperin avtomobili yolda əks zolağa çıxaraq, evakuatora çırpılıb. Nəticədə futbolçu, həyat yoldaşı və 6 yaşlı oğlu yerindəcə keçinib. Hadisə vaxtı futbolçunun  maşında olan digər övladı sağ qalıb.
Veteran boksçu Qrasiano Rokkicani də aviaqəzada həlak olan idmançılardandır. O, 2018-ci ildə İtaliyada qəzaya düşüb. Qeyd edək ki, vaxtilə Rokkicani IBF (Beynəlxalq Boks Federasiyası), habelə WBC (Ümumdünya Boks Şurası) versiyası üzrə dünya çempionu olub. O, peşəkar rinqdə keçirdiyi 48 döyüşdən 41-də qalib olub.
İngiltərənin “Kardiff Siti” klubunun argentinalı futbolçusu, 28 yaşlı Emiliano Salan təyyarə qəzasında həlak olub. O, 21 yanvar tarixində Fransadan - sabiq klubunun yerləşdiyi Nant şəhərindən Uelsə, “Kardiff Siti” klubuna qoşulmaq üçün yola düşmüşdü. Lakin “Piper Malibu” təyyarəsi La-Manşda yoxa çıxmışdı. Futbolçunun cəsədi qəzadan 3 gün sonra tapılmışdı.
İlahə Hüseynova
 

DİGƏR XƏBƏRLƏR

Top