
Türkiyədə zəlzələ zonasında təhsil alan azərbaycanlı tələbələr iki avtobusla Naxçıvana yola düşüb.
Azərbaycanın Türkiyədəki səfirliyinin ikinci katibi Mürşüd Məmmədovun verdiyi məlumata görə, Elazığdan çıxan birinci avtobus yerli vaxtla saat 17:00-da Naxçıvan sərhədi istiqamətində yola çıxıb, avtobusda 41 tələbə olub: “İkinci avtobus Malatyadan 30 tələbəni götürüb Elazığa start alıb, orada 10-dək tələbəmizi də götürüb sərhədə doğru yola çıxacaq”.
Elazığ Fırat Universitetindən APA-ya verilən xəbərə görə, universitetdə 232 Azərbaycan vətəndaşı olan tələbə təhsil alır. Malatyadakı İnönü Universitetində isə təhsil alan azərbaycanlı tələbələrin sayı 100-dən çoxdur.
M.Məmmədov bildirib ki, hazırda tələbələr tətildə olduqlarına görə, əksəriyyəti vətənə gedib: “Amma qaynar xəttimiz fəaliyyətdədir. Zəlzələ ərazisində yaşayan tələbələrimizlə yanaşı, digər Azərbaycan vətəndaşları olan şəxslər təxliyyə üçün müraciət edə bilərlər”.

