Mağazalarda yaydan qalan sular - saxlanma şəraitinə əməl edilirmi...


Bakıda bir çox supermarketlərdə yaydan qalan qazlı sular satılır. Bu suların saxlanma qaydalarına əməl edilmədiyi üçün müştərilər şikayət edirlər. 

“Yeni Müsavat”a müraciət edən müştərilər bildirirlər ki, kauçuk qablarda satılan suların əksəriyyətindən tam gəlir. Mağazalarda müşahidə etdik ki, əksər soyuducular işləmir. Hava soyuq olduğu üçün sulara da tələbat aşağıdır. Bundan əlavə bir çox sulara endirim edilib və çöldən də görünməsi üçün sular mağazanın pəncərəsinin qarşısına yığılıb. 

Mütəxəssislər də bildirirlər ki, plastik qabda olan qazlı suların Günəş şüaları altında saxlanması olduqca təhlükəlidir. Bu, zəhərlənməyə yol aça bilər.

Qazlı sulardan zəhərlənmə halları ilə bağlı indiyədək sosial şəbəkələrdə, xəbər portallarında yayılan xeyli məlumata rast gəlmək mümkündür. Məlum olduğu kimi bu gün xüsusilə də restoranlarda verilən limonadların harada və necə yığılması bəlli deyil. Mütəxəssislərin sözlərinə görə həmin sular da insan orqanizmi üçün zərərlidir. 

Eləcə də dietoloqlar bildirirlər ki, qazlı sulardan zəhərlənmə, allergiya halları baş verə bilər. 

Eyyub Hüseynov ile ilgili görsel sonucu

“Yeni Müsavat”a danışan Azad İstehsalçılar Birliyinin sədri Eyyub Hüseynov söyləyib ki, ona da məsələ ilə bağlı müraciət edənlər az olmur: “ Mənə əhali müraciət edib deyir ki, necə olur litri 30 qəpiyə və litri 8 manata olan sular var. Yəni ölkədə su sahəsində böyük problem yaşanır. Suyun parametrini araşdırmaq üçün gərək onun 300 parametri üzərində analiz aparılsın. Plastik qablarda saxlanılan və isti havada çöldə olan suyu almaqdan insanlar imtina etməlidirlər. Artıq bu cür sular yararsızdır. Plastik qabın tərkibində olan kimyəvi maddələr isti havada suya keçir. Ümumiyyətlə, bu sahədə problemlər yaşanır. Hətta yay aylarında biz marketə girdiyimiz zaman içəridən pis qoxunu hiss edirik. Bu isə onu deməyə əsas verir ki, gecələr mağazada elektrikə qənaət etmək üçün soyuducuları söndürürlər. Bütün məhsullar, o cümlədən də sular lazımı temperaturda saxlanılmır. İkincisi isə Azərbaycanda yaxşı haldır ki, buraxılma tarixi göstərilir. Amerikada, Avropada son tarixi göstərirlər. Ona görə də Azərbaycanda istehlakçının yeni məhsulu alma imkanı mövcuddur. Lakin plastik qablarda, bəzən isə ikinci dəfə istifadə edilən qablarda su satışı mövcuddur. Bəzi suların isə Azərbaycanda saxta variantının satışı da mövcuddur. Məsələn, bizə vaxtilə “sirab” suyunun pis qoxu verən variantını gətirmişdilər. Tədqiqat zamanı gördük ki, bu, naməlum mənbədən gətirilib.  Kifayətdir ki, suyun içərisinə kənar bakteriya düşsün və orada qoxuma yaransın. Qida Təhlükəsizliyi Agentliyi görünür bütün mallara nəzarət edə bilmir. İstehlakçılara məsləhət görürəm ki, istifadəsinin başa çatmasına az qalan suları almaqdan imtina etsinlər”.

Onu da qeyd edək ki, plastik qablardan imtina məsələsi uzun zamandır ki, Avropanın  gündəmindədir. Azərbaycanda da Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən əhaliyə bildirilir ki, plastik qablardan, sellofan torbalardan istifadə ətraf mühit üçün təhlükə yaradır. Çünki bu qablar uzun müddət çürümür, torpağa qarışmır, parçalanmır. Nəticədə ətraf mühitdə qalaqlanıb qalır. Avropa İttifaqı dünya okeanının çirklənməsinə səbəb olan birdəfəlik istifadə edilən plastik məhsullara məhdudiyyətin qoyulmasını təklif edib. Avropa Komissiyası bu məhsullarla bağlı yeni qaydaların gətirilməsi təklifini irəli sürüb. Təklifə əsasən, Aİ üzvü olan ölkələr plastik ərzaq və içki qablarının istifadəsini alternativ məhsullar istehsal edərək azaldacaq. Təklifə görə, Aİ üzvü ölkələr 2025-ci ilədək plastik qabların 90 faizini toplamaq məcburiyyətində olacaq.

Mütəxəssislər bildirirlər ki, rəng vurulan qazlı suyu içən zaman tam  gəlirsə, o zaman həmin suyu içmək olmaz. Çünki tamın gəlməsi suyun tərkibinin dəyişdiyini göstərir. 

Sorğulardan belə görünür ki, insanlar mağazadan qida məhsulu alan zaman istehsal tarixinə baxdıqları halda, su alan zaman istehsal və istifadə müddətini göstərən tarixə nəzər salmırlar. Lakin ekspertlər bildirirlər ki, xüsusilə də qış aylarında mağazadan su alan zaman istehsal tarixinə nəzər salmaq mümkündür. Bu gün sosial şəbəkələrdə tez-tez istifadə müddəti başa çatan məhsulun mağazada satılması ilə bağlı paylaşımlar görürük. Bu işə nəzarət edən müvafiq dövlət qurumları da hər həftə mağazalarda satılan saxta məhsullarla bağlı rəsmi məlumatlar yayırlar. Ekspertlər bildirirlər ki, bu baxımdan rəngli sulara da diqqət edilməlidir. Çünki onlardan da ciddi təhlükə gələ bilər...

DİGƏR XƏBƏRLƏR

Top