Ölümcül virus: Azərbaycan sərhədini keçənlərdə virus əlamətləri yoxlanılır


Dövlət Gömrük Komitəsi Azərbaycanda gömrük-sərhəd buraxılış məntəqələrində insan bədəninin hərarətinin yoxlandığını bildirib.

Komitədən bildirilib ki, insanlar üçün qlobal təhlükə törədən yoluxucu xəstəliklər, xüsusilə, son günlər Çində naməlum etiologiyalı sətəlcəm xəstəliyinin aşkar edilməsi ilə əlaqədar gömrük-sərhəd buraxılış məntəqələrində gömrük orqanları tərəfindən müvafiq işlər aparılır.

Çində bütün ölkə boyu sürətlə yayılan yeni virusdan dörd nəfər ölüb. Çin hökuməti bu virusun insandan-insana ötürülə biləcəyini təsdiq edib. Pnevmoniyanın bir növünə gətirib çıxaran koronavirusun yeni ştammının sonuncu qurbanı 89 yaşlı kişi olub.

"Öskürək, halsızlıq, yüksək hərarət, yuxarı tənəffüs yollarının katarı və s. simtomplarla özünü büruzə verən fiziki şəxslərin müəyyənləşdirilməsi üçün məsafədən insan bədəninin hərarətinin ölçülməsində istifadə olunan cihazlar (termovizorlar) vasitəsi ilə termometriya, tibbi sorğu, vizual müayinə və digər diaqnostik üsullarla tibbi-sanitariya yoxlaması gücləndirilmiş rejimdə həyata keçirilir," - Azərbaycan Dövlət Gömrük Komitəsinin mətbuat xidməti BBC News Azərbaycancaya açıqlayıb.

Qurum bildirib ki, yoxlanış zamanı xəstə və xəstəliyə şübhəli şəxslər aşkar edilərsə, onların müvəqqəti təcrid olunması üçün ayrılan və zəruri əşyalarla təmin edilən yerlərdə müayinəsinə lazımi şərait yaradılıb.

"Hələ ki, Azərbaycanda koronavirus aşkar olunmayıb".

Respublika Gigiyena və Epidemiologiya Mərkəzininin Epidemiologiya şöbəsinin direktor müavini Afaq Əliyeva BBC News Azərbaycancaya deyib ki, "bu günə olan məlumata görə, Azərbaycanda koronavirus aşkar olunmayıb".

Onun sözlərinə görə, Azərbaycanda qripəbənzər və ağır gedişli respirator xəstələrdən laboratoriya materialları götürülərək Respublika Taun Əleyhinə Stansiyanın laboratoriyasında yoxlanılır.

"Azərbaycanda tək-təh hallarda mövsümi qrip virusu aşkar edilir, onlar da əsasən yüngül keçən respirator virus infeksiyalarıdır. Bu günə vəziyyət sabitdir və artım müşahidə olunmur".

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının koronavirus və digər xəstəliklərlə bağlı təcili addımların atılmalı olduğu ölkələr siyahısında yer almayıb.

Azərbaycan Hava Yollarından BBC News Azərbaycancaya bildirilib ki, Çindən Bakıya həftə ərzində 2 reys AZAL və 2 reys "China Southern" aviaşirkəti tərəfindən olmaqla, ümumilikdə, 4 reys yerinə yetirilir.

Bakıya Çinin Pekin və Urumçi şəhərlərindən aviareyslər var.

Çində 4 nəfər ölüb

Reuters bildirir ki, Ümumdünya Səhiyyə Təşkilatı dünyadakı xəstəxanalara infeksiyanın qarşısının alınması və nəzarət mövzusunda təlimatlar göndərib.

Qurum virusun yayılmasının beynəlxalq fövqəladə hal olub-olmadığını qiymətləndirmək üçün yanvarın 22-də mütəxəssislərin təcili komissiyasını çağırıb.

Çində bütün ölkə boyu sürətlə yayılan yeni virusdan dörd nəfər ölüb. Çin hökuməti bu virusun insandan-insana ötürülə biləcəyini təsdiq edib.

Pnevmoniyanın bir növünə gətirib çıxaran koronavirusun yeni ştammının sonuncu qurbanı 89 yaşlı kişi olub.

DİGƏR XƏBƏRLƏR

Top