Əməkhaqqının nə qədər artdığı AÇIQLANDI - Pensiyalar da bu qədər artacaq


Bu ilin yanvar-noyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2018-ci ilin müvafiq dövrünə nisbətən 15,4% artaraq 623,1 manat təşkil edir.
Yeniavaz.com xəbər verir ki, bu ilin əvvəlki dövrü - yanvar-oktyabr ayları ilə müqayisədə nominal əməkhaqqı 8,9 manat və ya 1,4% artıb.
Məlumat üçün bildirək ki, orta aylıq nominal əməkhaqqı neft-qaz sektorunda 3 min 59,7 manat, qeyri neft-qaz sektorunda 568 manat təşkil edib.  Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 516,5 manat, özəl müəssisələrdə isə 759,7 manat olub.
Onu da qeyd edək ki, "Əmək pensiyaları haqqında" qanunun tələblərinə əsasən Azərbaycanda hər ilin əvvəlindən etibarən əmək pensiyalarının məbləğinə yenidən baxılır. 2018-ci ildən etibarən əmək pensiyaları Dövlət Statistika Komitəsi tərəfindən açıqlanan orta aylıq nominal əməkhaqqının artım tempinə görə indeksləşdirilir.
Bildiyiniz kimi, 2006-2017-ci illər ərzində əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi (artıb-azalması) inflyasiya səviyyəsinə görə hesablanırdı. 2018-ci ildən etibarən isə əmək pensiyaları  Dövlət Statistika Komitəsi tərəfindən açıqlanan orta aylıq nominal əməkhaqqının artım tempinə görə indeksləşdirilir. 2017-ci il ərzində ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 2016-cı ilə nisbətən 5,7% artığı üçün 2018-ci ilin əvvəlində əmək pensiyaları da 5,7% artırılıb. 2018-ci il ərzində isə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 2017-ci ilə nisbətən 3% artığı üçün ötən ilin əvvəlində əmək pensiyaları 3% artırılıb. Yəni ötən ilin əvvəlində 200 manat pensiya alan şəxslərin pensiyasında 6 manat artım olub.
2018-ci ilin analoji dövrü ilə müqayisədə 2019-cu ilin ilk 11 ayında orta aylıq nominal əməkhaqqı 15,4% artıb. Bu isə o deməkdir ki, ötən ilin son bir ayında da orta aylıq nominal əməkhaqqında ciddi dəyişiklik olmazsa, bu ilin yanvar ayının 1-dən etibarən pensiyalarda 13-15% həddində artım olacağı gözlənilir.
Onu da bildirək ki, əmək pensiyalarında nə qədər artımın olacağı barədə dəqiq məlumat fevral ayının ortalarında bilinəcək. Çünki Dövlət Statistika Komitəsi orta aylıq nominal əməkhaqqında qeydə alınan artım tempilə bağlı məlumatları təxminən ay yarımdan sonra açıqlayır. Bu həm də o deməkdir ki, yanvar və fevral aylarının artımlarını təqaüdçülər yalnız mart ayında ala biləcəklər.
A.Cəfərov
 

DİGƏR XƏBƏRLƏR

Top