Komitə obyektlərini qorumaq üçün bu şirkətə 1,7 milyon manat pul verəcək


Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.

Yeniavaz.com-un məlumatına görə, tender müsabiqəsinin qalibi "As Security" MMC olub. Müsabiqənin şərtinə görə "As Security" MMC Əmlak Məsələləri Dövlət Komitəsinin tabeliyindəki respublikanın şəhər və rayonlarında yerləşən 2020-ci ildə mühafizəyə ehtiyacı olan müəssisələrdə gözətçi və patrul xidmətləri təşkil edəcək. Müqavilə 17.01.2020-ci il tarixindən 31.12.2020-ci il tarixlərində qüvvədə olacaq. Göstərilən xidmətin qarşılığında Əmlak Məsələləri Dövlət Komitəsi "As Security" MMC-yə 1 milyon 685 min 704 manat 58 qəpik vəsait ödəyəcək.
Məlumat üçün onu da bildirək ki, ötən həftə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi də  "As Security" MMC olub. "As Security" MMC Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə tabe olan 6 obyektin mühafizəsini təşkil edəcək. Müqavilə müddəti 12 ay olacaq və qeyd olunan 6 obyekti növbəli rejimdə 18 nəfər mühafizə edəcək. Göstərilən xidmətin qarşılığında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi "As Security" MMC-yə 248 min 508 manat vəsait ödəyəcək. Bu isə o deməkdir ki, 6 obyektin mühafizəsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi hər ay 20 min 709 manat xərcləyəcək. Bu vəsaiti qeyd olunan 18 nəfər arasında böldüyümüz zaman belə görünür ki, hər mühafizəçi üçün ay ərzində 1 150 manat 50 qəpik ödəniləcək.
Qeyd edək ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəhbər orqanlarında təmsil olunan şəxslər belə ay ərzində bu qədər vəsait almırlar.
Məsələn, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi idarələri ilə iş şöbəsinin müdir müavinin vəzifə maaşı 895 manata bərabərdir. Gördüyünüz kimi hansısa obyektin mühafizəçi üçün ayrılan vəsait rəhbər vəzifə tutanların maaşından yüksəkdir.
A.Cəfərov
 

DİGƏR XƏBƏRLƏR

Top