Şəhid qızı: "Xəbəri eşidəndə anam yalvarırdı ki, iki ayağı olmasın, şikəst olsun amma..."


Yanvarın 19-u səhəri bəlkə də onlar üçün adi günlərdən biri idi. Evinə çörək pulu gətirmək üçün işə gedənlər, dərsə gedən məktəblilər, azyaşlı uşaqlarına baxan analar, bir-biri ilə dərdləşən qocalar axşam baş verəcək faciədən xəbərsiz idilər. Kim bilə bilərdi ki, 1990-cı il yanvar ayının 19-dan 20-ə keçən gecə keçmiş Sovet Ordusu Azərbaycan xalqına qarşı hərbi təcavüz edəcək?
Azərbaycan tarixinə Qanlı Yanvar kimi həkk olunmuş 20 Yanvar faciəsindən xalqımızı 30 illik zaman ayırır. Həmin gecə dinc əhaliyə qarşı divan tutulmuş, yüzlərlə insan qətlə yetirilmiş və itkin düşmüşdü. Qabaqcadan hazırlanan bu təcavüzkarlıq planı Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq və xalqı təhqir edərək ona mənəvi zərbə vurmaq məqsədi daşıyırdı. Eyni zamanda bu gecədə evlərə girib uşaqları girov götürür, bəzilərini isə öldürürdülər. Bütün dünya mətbuatında yer alan bu qanlı tarix həm də Azərbaycan xalqının qəhrəmanlıq səhifəsidir. Dinc əhali silahsız və əliyalın olmasına baxmayaraq, mərdliklə şəhərə daxil olan tankların, qoşunların qarşısına çıxmış və şəhidlik zirvəsinə ucalmışdı. Həmin 20 Yanvar şəhidlərindən biri də Aslan Ağaverdiyevdir. O, qadınları, uşaqları geri çəkmiş və Sovet Ordusu ilə mərdliklə üzbəüz dayanmışdı.
Şəhidin qızı Azərbaycan Respublikasının Əməkdar artisti Məsmə Aslanqızı atası ilə bağlı xatirələrini "Ailəm" jurnalı ilə bölüşüb.
Yeniavaz.com müsahibəni təqdim edir:
 
- 1990-cı il yanvarın 19-dan 20-ə keçən dəhşətli gecəni necə xatırlayırsınız?
 
- 1988-ci ildə Ermənistandakı azərbaycanlıları öz torpaqlarından amansızcasına çıxardılar. Həmin ərəfədə mitinqlər olur, insanlar meydanlara toplaşırdı. Atam da həmin mitinqlərdə iştirak edirdi. Hətta, anam da çox vaxt atama qoşulub mitinqlərə gedirdi. 1990-cı il yanvarın 19-u gecə atam nümayişdən evə gəldi və anama dedi ki, şəhərdə nəsə çaxnaşma var, yüz faiz bu gecə nəsə baş verəcək. Həmin gün televizorlar işləmirdi, təkcə radiolar işləyirdi və biz ancaq məlumatı oradan ala bilirdik. Təxminən gecə saat 12 idi və birdən güclü partlayış səsi eşidildi. O partdayışdan sonra artıq atışmalar başladı və atam qayıdıb dedi ki, mən gedirəm. Həmin vaxt heç birimiz yatmamışdıq və mənim heç 12 yaşım yox idi. Evimiz Cəfər Cabbarlı küçəsində yerləşirdi. Bu günə kimi yadımdadır, atam elə deyəndə anam qayıdıb atama paltosunu verdi və dedi ki, Aslan paltonu geyin sənə soyuq olar. Atam da paltosunu geyinib evdən çıxdı. Evimiz həyət evi idi. Eyni həyətdə nənəm, babam, iki əmim, atamın bibisi oğlu və biz ayrı evlərdə yaşayırdıq. Qırmızı güllələrin başımızın üstündən necə uçduğunu bu gün də xatırlayıram. Atam gedəndən təxminən bir saat sonra babam da atamın arxasınca getdi. Birinci dəfə getdi tapmadı, sonra ikinci dəfə getdi, yenə tapmadı. Babam hər dəfə atamı tapmamış evə gələndə bizi qorxutmamaq üçün deyirdi ki, narahat olmayın boş güllələrdir, bizə heç kim heç nə etməz. Biz də üç bacı elə bilirdik ki, həqiqətən boş güllələrdir və çıxırdıq damın üstünə, oradan tanklara baxırdıq. Hələ körpünün üstündən keçən tanklara əl də edirdik. Həyatımız boyu ağlımıza gəlməzdi ki, bizə həqiqi güllələr atılacaq. Babam evə hər dəfə qanı qara gəlirdi. Çünki, o gedib yaralanan adamları, meyidləri görür və sadəcə olaraq, bizi qorxutmamaq üçün "Narahat olmayın" deyirdi. Həmin gün səhərə kimi heç birimiz yatmadıq. Səhərə yaxın həyətin qapısının yanında dayanmışdıq və bir də gördük ki, bir qadın əlini başına tuta-tuta (üstəlik, qışqıra-qışqıra), "Vay qardaşımı öldürdülər, qardaşımı öldürdülər!" deyərək qaçır. Anamgil dəhşətə gəldilər ki, necə yəni öldürdülər. Səhər saat 07:00-da "Semaşko" xəstəxanasından zəng gəldi və anam telefonu götürdü. Dedilər ki, "Bura Aslanın evidir? Narahat olmayın, qorxulu heç nə yoxdur, Aslan ayağından yüngül yaralıdır".
İndiyə kimi yadımdan çıxmaz anam zəng edən qıza dil tökdü ki, "Ay qızım, dilinə qurban olum, doğrudan ayağından yaralıdır?" Onlar da "Hə" cavabını verdilər. Anam xəstəxanaya gedənə kimi o ki, var dua etdi, "Ay Allah iki ayağı olmasın, evə şikəst gəlsin, amma başımızın üstündə olsun". Xəstəxanaya çatanda məlum oldu ki, heç də ayağından yüngül yaralanmayıb. Güllə qarın nahiyəsindən dəymişdi. "Semaşko" xəstəxanasında atam əməliyyat olunanda işıqları da södürmüşdülər. Buna görə də, şam işığında əməliyyat edilmişdi. Dəyən güllələr elə güllələr idi ki, bir dəfə dəyməklə bütün daxili orqanları parça-parça edirdi. Nazik bağırsaq, yoğun bağırsaq, böyrəklər, ciyərlər hamısı deşik-deşik olmuşdu. Atamın əməliyyatından sonra məlum oldu ki, həkimlər ümumiyyətlə, mədəni də görməyiblər, təmiz paramparça olmuşdu. Atam xəstəxanaya çatdırılana qədər xeyli qan itirmişdi. Ona görə də, səhərə qədər bütün qohumlarımız xəstəxanaya gedib, qan verirdilər. Amma o qan artıq boşluğa gedirdi, heç bir faydası olmurdu. Atam yaralanandan sonra bir gün xəstəxanada qalmışdı, onda da şahidi olduğu hadisələri bir-bir danışmışdı. Dedi ki, biz gələndə artıq onlar tanklarla dayanmışdılar, əllərindəki silahı bizə doğru nişanlamışdılar. Qabaq sıralarda isə qadınlar, uşaqlar dayanmışdı, hətta uşaq arabası ilə gələnlər də var idi. Biz onlara dedik ki, siz gedin buradan, bura qadın, uşaq yeri deyil, narahat olmayın onlar bizə heç nə etməzlər. Biz onları yola saldıq və sonra mən tankın üzərində dayanan əsgərə dedim ki, "Ey, güllələməyin bizi". Qarabəniz, saqqallı əsgərlər idi, sözümdən sonra üzümə baxdılar, güldülər və avtomatı üzərimə boşaltdılar. Həmin vaxt nə baş verdiyini anlamadım, bir tək onu hiss elədim ki, qarnım yanır. Atamın dediyinə görə, sonra huşunu itirib və özünə gələndə kimsə ona yaxınlaşıb deyib ki, "Sən Aslan deyilsən?", atam da "Hə" deyib. Həmin adamlar atamı avtomobilə qoyub xəstəxanaya çatdırıblar. Səhərə yaxın artıq atam sayıqlamağa başlayıb. Anama deyib ki, Zərifə, pəncərədən bax gör nə qədər əsgər üstümüzə gəlir. Tez olun, hamınız qaçın evə. Xəstəxanada tibb bacıları deyirdilər ki, onu bura gətirəndə güclə özünə gətirə bildik. Nə ünvan, nə telefon nömrəsi deyə bilirdi. Bütün suallara yalnız bir cavab verirdi ki, 3 qızım var, Afaq, Məsmə və Şəbnəm. Son nəfəsinə kimi bizim adımızı çəkirdi.
 
- 20 yanvar hadisələrindən başqa atanızla bağlı hansı xatirələr yadnızdadır?
 
- Hər dəfə deyirəm ki, mənim ən gözəl günlərim atamla olan günlərim olub. Atam o qədər həyat eşqi ilə dolu insan idi ki... Təsəvvür edin, bayramlarda atam səhər saat 5-də, 6-da yuxudan dururdu və başlayırdı hamımızı oyatmağa ki, gedirik hansısa rayona gəzməyə. Mən 11 yaşıma kimi Qarabağdan başqa, demək olar ki, Azərbaycanın bütün rayonlarını gəzmişəm. O vaxt indiki kimi dəbdəbəli hotellər yox idi. Bir çadırımız var idi, onu da götürüb gedirdik meşəyə. Çadırı qururduq və gecəni orada keçirirdik. Yoldan ət alıb kabab çəkirdik, 2-3 gün həmin meşədə qalırdıq. Hərdən ailəvi dostlarımız da bizimlə gəlirdi. Aramızda çadırda yatanlar da var idi, avtomobildə yatanlar da. Daha sonra meşədə xırda çiyələklərdən, böyürtkənlərdən yığırdıq, meşənin içi ilə gedib rayon kəndlərinə girir, qatıq, qaymaq alırdıq. Atam çox gülərüz, mülayim insan idi. Heç vaxt üstümüzə qışqırmazdı, kiminsə xətrinə dəyməzdi, gözə girməyi sevməzdi. Məsələn, mən ən çox teatrda görmüşəm ki, bəzi adamlar çalışırlar ki, həmişə öndə olsunlar, amma atam elə deyildi. Hansısa bir çəkilişdə, bir tədbirdə gedib arxa tərəfdə sakit dayanıb baxardı. Əlində pul olanda da ancaq bizim üçün xərcləyərdi. Kənarda pul yığmağı bacarmazdı. Ona görə də, atamın gedişi özü ilə çox şey apardı. Biz neçə illər yeni ili ağlaya-ağlaya qarşılamışıq. Anam yeni ildə süfrə açırdı, amma süfrəyə 4 yox, 5 boşqab qoyurdu. Atamın yeri həmişə orada olurdu. Amma bir tərəfdən də düşünürəm ki, atam sağ olsaydı, indiki dövrlə ayaqlaşa bilməzdi. Qız formasında efirə çıxanları görsəydi, elə oradaca infarkt olardı. Ona görə, həmişə deyirlər ki, Allah bilir, kimə nə qədər ömür verir və kimin canını necə alır.

- Atanız yuxularınıza gəlirmi?
 
- Atam yuxularıma tez-tez gəlmir. Bildiyiniz kimi, atamın oxuduğu 31 nömrəli məktəbə onun adı verilib. Həmin məktəbə atamın adı verilən gün səhər sübhdən atam yuxuma girmişdi. Mənə baxıb gülümsədi və dedi ki, ağlama, bundan sonra həmişə sizinlə olacağam. Daha sonra mən yuxudan ayıldım və baxdım ki, balışım su içindədir. Yuxuda da o ki, var ağlamışdım. Bir neçə saat sonra evə zəng gəldi və dedilər ki, 31 nömrəli məktəbə atamın adı verilib. Atam yuxumuza tez-tez gəlməsə də, onu yuxuda görəndə bilirəm ki, nəsə yaxşı bir hadisə baş verəcək. Həyatda olduğu kimi, yuxuya da həmişə gülər üzlə gəlir.
Anam hazırda həmin məktəbdə işləmir. Ancaq işlədiyi dövrdə öz büdcəsi ilə atama stend hazırlamışdı. Orada atamın uşaqlıq, əsgərlik şəkilləri, ailə rəsmlərimiz, atam haqqında kifayət qədər məlumatlar var idi. Daha sonra məktəbin müdiri dəyişdi, həmin stend onun tapşırığı ilə məktəbin kitabxanasına yerləşdirildi. Əvvəllər isə stend məktəbin ikinci mərtəbəsində idi və şagirdlər heç olmasa tənəffüs vaxtı oradan bir məlumat oxuya bilirdilər. Kitabxanaya isə uşaqlar nadir hallarda gedirlər. Ona görə də, şagirdlərin əksəriyyətinin Aslan Ağaverdiyev haqqında məlumatı yox dərəcəsindədir. O stend artıq kitabxanada lazımsız bir əşya kimi qalıb. Halbuki anam onun hər sətirini, hər şəklini ora həkk edəndə o xatirələri yaşayıb və ağlayıb.
 
- Şəhid ailələrinə göstərilən diqqətdən razısınızmı?
 
- Ümumilikdə, razılığımız da olub, narazılığımız da. Məsələn, atam şəhid olanda mənim kiçik bacımın 6-7 yaşı olardı. O, həmişə deyirdi ki, mən atamı bağışlaya bilmirəm. Nəyə görə o bizi atdı, getdi. Çünki, yeri gələndə biz o qədər haqsızlıqla üzləşmişik ki... Düzdür, şəhid övladı olmaq qürurverici hissdir. Amma biri də var ki, atanı itirmək... 3 qız uşağının atasız böyüməsi asan deyil. Atam şəhid olanda anamın 36 yaşı var idi, rus dili müəlliməsi işləyirdi. Onun üçün o qədər çətin idi ki, təkbaşına bizi böyütmək. Mən 36 yaşımda ilk dəfə ana olmuşam, anam isə 3 qızı ilə tək qalmışdı. Sözün əsl mənasında çətinliklərimiz çox olub, amma hamısına qarşı dözmüşük. Anamın bir xüsusiyyəti var ki, kişi kimi bir qadındır. Bütün əziyyətlərə, çətinliklərə qarşı təkbaşına sinə gərib. Anamın sayəsində biz 3 bacı böyüdük və təhsil aldıq. Böyük bacım Afaq iki universiteti BDU-nun hüquq, BBU-nun Beynəlxalq əlaqələr fakultəsini bitirib. Balaca bacımın da diplomu var. Özüm də ki, artıq 25 ildir teatr sahəsindəyəm. Azərbaycan Respublikasının Əməkdar artisti adına layiq görülmüşəm, prezident mükafatçısıyam, bu yaxınlarda Prezidentin sərəncamı ilə "Tərəqqi" medalına layiq görüldüm. Şəhid övladı kimi dövlətin diqqətindən kənarda qalmamışıq. Anam neçə illərdir ki, şəhid ailəsi statusuna görə, dövlətdən 300 manat təqaüd alır. Bundan başqa, şəhid ailələri üçün tikilmiş binadan 2 otaqlı mənzil verilib. 31 nömrəli məktəb, atamın yəni, Aslan Ağaverdiyevin adını daşıyır, hansı ki, atam özü də orada təhsil alıb. Anam da həmin məktəbdə rus dili müəlliməsi işləyib. Çox vaxt elə bilirlər ki, təhsildə və ya işdə şəhid ailəsi olduğumuz üçün bizə güzəşt olunur. Amma bu düzgün məlumat deyil. Nə mənə, nə anama, nə də bacılarıma heç bir güzəşt olunmur. Hamı necə biz də elə.
 
- Sizcə, 20 yanvar hadisələri gələcək nəsillər üçün nə deyir?
 
- Deyə bilərəm ki, 20 Yanvar şəhidləri azadlığa addım atan ilk insanlar oldu. Onlar sayəsində biz müstəqilliyimizi əldə etdik. Məncə gənclər bunu dəyərləndirməlidirlər və bu tarixi bilməlidirlər. Çoxu müstəqilliyin nə olduğunu bilmir. Mən özüm sovet dövründə dünyaya gəlmişəm və o dövrün necə olduğunu bilirəm. Ət növbəsində, çörək növbəsində dayanırdıq, xarici ölkələrə gedib-gəlmək çox çətin idi. Amma indi mağazaların sayı artıb, istədiyini ala bilirsən, növbələrdə gözləmirsən. O vaxt bu imkanlar yox idi. Yeni nəsil sovet dövrünü bilmədiyi üçün indiki dövrlə müqayisə edə bilmir. Ona görə də, müstəqilliyin əsl qiymətindən xəbərsizdir. Əslində, bunu da gənclərə aşılamaq lazımdır. Yaxşı olardı ki, televziyalarda mənasız verilişlərin yerinə bu barədə layihələrə yer verilsin. Vətənpərvərlik, müstəqillik mövzusunda ildə bir dəfə yox, daha çox danışmaq lazımdır ki, gənclər müstəqilliyin nə demək olduğunu anlasınlar, onu qoruyub saxlaya bilsinlər.

- Sizcə, ədəbiyyatımızda, dramaturgiyamızda 20 Yanvar hadisələrinə kifayət qədər yer verilirmi?
 
- Yox, kifayət qədər yer verilmir. Rejissor Vahid Naxışın 20 Yanvar hadisələri ilə bağlı çəkdiyi filmin təqdimatı oldu və biz 20 Yanvar şəhid ailələri kimi getdik baxdıq. Filmdən isə narazı qaldıq. Çünki, filmdə göstərilənlər, reallıqdan uzaq idi. Birinin əlində tüfəng, birinin əlində silah. O vaxt kimin əlində silah var idi? O vaxt hər kəs küçələrə əliyalın çıxmışdı. Mən bu günə qədər hələ görməmişəm ki, 20 Yanvar haqqında tutarlı əsər, pyes yazılsın, film çəkilsin. 20 Yanvar şəhidləri haqqında ilk kitabı o vaxt Rafiq Səmədər kiril əlifbasında dərc etmişdi. Daha sonra isə kitab yeniləndi və latın əlifbasına çevrilərək nəşr olundu. Mən bir neçə ay bundan əvvəl kitabın təqdimatında çıxış etdim və təklif etdim ki, Rafiq Səməndər 20 yanvar hadisələri haqqında tutarlı bir əsər yazsın, daha sonra isə onu film şəklində çəksinlər. Film çəkiləndən sonra onu həm Azərbaycanda, həm də digər ölkələrdə nümayiş eləsinlər. Özüm də təmənnasız olaraq həmin filmdə çəkilərəm. Çünki, bu mənim borcumdur. Mən həqiqətən oxusam, görsəm ki, ssenari o günlərə uyğun yazılıb, çəkilərəm. Hətta, sənədli film çəkilsə belə məmnuniyyətlə hazıram. Mənim bir övladım var, yeri gəlsə, onunla da çəkilərəm.
 
- Əgər işğal altında olan torpaqlarımız geri qaytarılsa, içinizdəki alov hissi sönər?
 
- Təbii ki. Mən hər dəfə Şəhidlər Xiyabanına gedəndə tək 20 Yanvar şəhidlərini yox, digər şəhidlərimizi də ziyarət edirəm. Vaxt tapdıqca hamısını bir-bir ziyarət edirəm. Çünki, mən 12 yaşından ora gedirəm və demək olar, hər biri haqqında məlumatım var. Hər ziyarətimdə isə dik dayanıb onların gözünün içinə baxa bilmirəm. Şəhidlərimizin qarşısında başım aşağıdır, dilim də qısadır. Elə bilirəm ki, hamısı mənə eyni sualı verir, "Biz canımızı qurban verdik, bəs nə vaxt bizim intiqamımız alınacaq?" Xocalı faciəsində şəhid olanların məzarlarının yanından keçəndə ürəyim parça-parça olur. Aqibəti bəlli olmayan nə qədər qadınlarımız, uşaqlarımız, qocalarımız var. Çox istəyərdim, Qarabağımız alınsın. Onda biz rahat Şəhidlər Xiyabanına gedərik və başımızı dik tutub deyərik ki, "Rahat yatın, ruhunuz şad olsun! Sizin qisasınız alındı!"
 
- Şəhid övladı olmaq necə bir hissdir?
 
- Böyük məsuliyyətdir. Atdığın hər addıma, dediyin hər sözə fikir verməlisən ki, atanın adına layiq olmayan bir iş görməyəsən. Düzdür, insan bunu uşaqlıqda o qədər də dərk edə bilmir, ancaq yaşın artdıqca bunu daha çox hiss edirsən. Qızımın 5 yaşı var, amma mən hər dəfə ona deyirəm ki, sənin baban müstəqillik uğrunda şəhid olub, bunu unutma. Bacımın oğlu atamın adını daşıyır. Mən onunla o qədər fəxr edirəm ki, babasının adını layiqincə daşıyır. Mən istərdim ki, bütün şəhid övladları, nəvələri onlara layiq övladlar olsunlar. 
 
İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top