Azərbaycanda 2020-ci ilin fevralın 9-da Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərə görə ölkənin siyasi mühitində canlanma müşahidə edilir.
Deputatlıq iddiasında olanların təşviqatına yanvarın 17-də start veriləcək və bu proses fevralın 8-nə qədər davam edəcək.
Yeniavaz.com oxu.az-a istinadən xəbər verir ki, 125 seçki dairəsi üzrə işsiz namizədlərin sayı ilə bağlı araşdırma aparıb.
Məlum olub ki, deputatlığa namizədliyini irəli sürənlər arasında işsizlərin sayı heç də az deyil.
Bütün dairələr üzrə işsizlərin sayı 514 nəfərdir. Onlar arasında deputatlığa namizədliyi qeydə alınanlar da var, alınmayanlar da.
Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasının (MSK) yanvarın 15-də keçirilən iclasında qurumun sədri Məzahir Pənahov deyib ki, parlament seçkilərində iştirak üçün indiyə qədər 2431 nəfər müraciət edib.
Onlardan 2358 nəfərinin namizədliyinin irəli sürülməsi artıq təsdiqlənib. 1396 nəfərin isə deputatlığa namizədliyi qeydə alınıb.