Ərdoğan erməni patriarxı ilə görüşdü - Jurnalistlər görüşə buraxılmayıb


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yeni seçilən İstanbul erməni patriarxı Saak Maşalyanı qəbul edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumatı Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoğlu sosial şəbəkə hesabında paylaşıb.
Türkiyənin "Anadolu" xəbər agentliyi isə bildirib ki, görüş mətbuatın iştirakı olmadan keçirilib.
Qeyd edək ki, uzun müddətdir İstanbul patriarxı olmaq uğrunda ermənilər arasında mübarizə gedir. İstanbulun sonuncu - sayca 84-cü erməni patriarxı Mesrop Mutafyanın ölümündən sonra bir neçə dəfə seçki keçirilməyə cəhd olunsa da baş tutmayıb. Patriarx olmaq uğrunda mübarizə aparan 2 əsas namizəd - İstanbul erməni patriarxlığı ruhani şurasının sədri Saak Maşalyan və İstanbul patriarxı əvəzi Aram Ateşyan arasında yaşanan qalmaqal mütəmadi olaraq mətbuat səhifələrinə çıxır. Bir müddət əvvəl Saak Maşalyan "Agos" qəzetinə verdiyi açıqlamasında bildirib ki, Aram Ateşyan hər vasitə ilə seçkiqabağı prosesə mane olur və kilsə qanun-qaydalarını kobud şəkildə pozur.
Məlumat üçün bildirək ki, ermənilərin böyük əksəriyyəti özlərinəməxsus qriqoryan inancına (xristianlığın pravoslav qoluna aid) sahibdilər. Çoz az hissəsi isə katolik inancının daşıyıcılarıdır.
Dünyadakı Erməni Qriqoryan Kilsələri iki əsas mərkəzdən idarə olunur. Bunlardan biri Ermənistan ərazisində yerləşən Eçmiədzin (Üçkilsə), digəri isə Livanda yerləşən Kilikiya kilsəsidir.
Bunlardan başqa Türkiyə, İsrail, İordaniya ərazisində yerləşən kilsələr iki dini mərkəzə - Qüds və İstanbul kilsələrinə tabedirlər. Erməni Katolik Kilsəsinin mərkəzi isə Livanda, Beyrut şəhərində yerləşir və 20-dən çox kilsə bu mərkəzə tabedir.
Onu da bildirək ki, hazırda Küveytlə bərabər dünyanın bir-çox müsəlman ölkəsində onlarla erməni kilsəsi aktiv fəaliyyət göstərməkdədir və əksər hallarda erməni diasporu bu kilsələr tərəfindən idarə olunmaqdadır.

Erməni kilsələrinin mövcud olduğu müsəlman ölkələri bunlardı:
Azərbaycan (1 kilsə)
Banqladeş (1 kilsə)
Misir (6 kilsə)
İordaniya (3 kilsə)
İraq (5 kilsə)
İran (26 kilsə)
Qazaxıstan (2 kilsə)
Qırğızıstan (1 kilsə)
Küveyt (1 kilsə)
Livan (25 kilsə)
BƏƏ (1 kilsə)
Suriya (22 kilsə)
Sudan (1 kilsə)
Türkmənistan (1 kilsə)
Özbəkistan (2 kilsə)
Türkiyə (69 kilsə)

DİGƏR XƏBƏRLƏR

Top