Fəhmin Hacıyev Azərbaycandan deportasiya olunub


Daxili İşlər Nazirliyin Daxili Qoşunların keçmiş komandanı Fəhmin Hacıyevi yanvarın 8-də Azərbaycandan deportasiya edilib.  

Bu barədə Hacıyev özü məlumat yayıb.

Xaricdə yaşayan Hacıyevin sözlərinə görə, o anasını ziyarət etmək üçün Bakıya gəlib, lakin onu ölkəyə buraxmaqdan imtina ediblər.

"Yanvarın 7-də gecə Kiyevdən Bakıya gəldim. Sərhəd keçid məntəqəsində pasportuma baxdılar. Təqribən 5 dəqiqədən sonra mənə ölkəyə girişinə “stop” olduğunu dedilər. Soruşuram necə yəni “stop” var, mən Azərbaycan vətəndaşıyam, ölkəmə girməyə niyə məhdudiyyət qoyulmalıdır? Cavab vermədilər və yarım saatdan sonra aeroportun nəqliyyat polis əməkdaşları məni şöbəyə apardılar. Oradan isə Daxili İşlər Nazirliynin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə apardılar. Gecə orada saxlanıldım. Səhər sorğu-sual etməyə başladılar," Hacıyev qeyd edib ki, ondan bundan öncə Azərbaycana gələndə kimlərlə görüşdüyünü və onlarla nədən danışdığını soruşublar.

"Mən isə bildirdim ki, kimsə ilə gizlin görüşməmişəm, bütün görüşlərim açıq olub. Əsasən köhnə xatirələri, müxalıfətdaxili münasibətlər və müxalifət-hakimiyyət mübasibətləri müzakirə olunub. Ukraynada nə işlə məşğul olduğumu soruşdular. Olduğu kimi söylədim. Bir müddət sonra mənə elan etdilər ki, geriyə göndərilirsən. Xahiş etdim ki, bir günlük anama baş çəkməyə icazə versinlər, icazə vermədilər. Deportasiyamla bağlı qərarı kimin tərəfindən verildiyi barədə heç bir məlumatım yoxdur."

Hacıyev vurğulayıb ki, ona heç bir fiziki təzyiq göstərilməyib.

"Mənimlə çox nəzakətli və təmkinli davrandılar. Hər birinə nümunəvi davranış üçün minnətdaram."

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb

DİGƏR XƏBƏRLƏR

Top