Belə olan halda kartınızdan çıxan vəsaitə görə bank məsuliyyət daşımır - EKSPERT


"Əgər həmin şəxs sübut edə bilsə ki, bunun nəticəsində ona zərər dəyib, təbii ki, o zərərin əvəzini məhkəmə yolu ilə bankdan tələb edə bilər".
Bu sözləri iqtisadçı-ekspert Əkrəm Həsənov bəzi “Unibank” istifadəçilərinin kartlarının balansında yaranan dəyişikliklər barədə Yeniavaz.com-a açıqlama verərkən deyib.
O bildirib ki, yaranmış problem nəticəsində kart sahibi hər hansı bir əməliyyatı edə bilmədiyi üçün maddi ziyan dəysə, məhkəmə yolu ilə bu miqdarı tələb edə bilər: “Amma əvvəlcə bankın özündən də tələb edə bilər, çünki ola bilsin ki, bank özü dəymiş zərəri qarşıladı”.
Ə. Həsənov bildirib ki, banka edilmiş hər hansı bir xaker hücumu nəticəsində abonəçilərdən çıxılmış vəsaitlər də bank tərəfindən ödənilməlidir:
“Demək ki, bu hadisə bankın öz informasiya sistemi, təhlükəsizliyi lazımi səviyyədə olmadığından baş verib. Ona görə də belə olan halda da dəymiş ziyan bank tərəfindən qarşılanmalıdır”.
Lakin ekspert bildirir ki, “contactless” kartları (təmassız ödəniş imkanı tanıyan kartlar) oğurlanan zaman buradan çıxılan vəsaitlər kart sahibinin itkisi sayılır və bank heç bir məsuliyyət daşımır.
Xatırladaq ki, “contactless” kart sahibləri ticarət mərkəzlərində, mağazalarda, iaşə obyektlərində pos teminallar vasitəsilə elektron ödəniş edən zaman tələb olunan pin kodu daxil etmədən ödəniş edə bilirlər. Bu da alqı-satqı zamanı kart sahibinə ehtiyac olmadığını göstərir. Amma onu da bildirək ki, belə plastik kartlarda ödəniş limiti də mövcuddur. Yəni bu limitdən daha çox ödəniş etməyinizə icazə verilmir və ödəniş etdiyiniz pos teminallar bu funksiyanı dəstəkləməlidirlər.
Qeyd edək ki, ötən gün sosial şəbəkədə müştərilər “Unibank”ın hesablarından pul silinməsi barədə məlumat yaymışdılar. Yaranan dəyişikliklər artıq həllini tapıb. Kartların balansı bərpa olunub. Bu barədə bankın feysbuk səhifəsində məlumat paylaşılıb.
Şahmərdan Əhmədli

DİGƏR XƏBƏRLƏR

Top