İşsiz şəxs bir gecədə beş müəssisənin sahibi oldu - Azərbaycanda ağlasığmaz DƏLƏDUZLUQ

Nəsimi rayonunun 19-cu polis bölməsi dələduzluq hadisəsini araşdırır.

Yeniavaz.com xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarından oxu.az-a məlumat verilib. Məlumata görə, dekabrın 9-da Sumqayıt şəhər sakini, 53 yaşlı Səttar Musa oğlu Musayev Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət edib. O deyib ki, 2018-ci ilin noyabrında naməlum şəxs ona sürücü vəzifəsi təklif edib. İşə düzəlmək üçün sənəd tərtib etmək lazım olub. S.Musayev iş axtardığı üçün buna razılaşıb.

Onlar birgə Moskva prospektində yerləşən 14 nömrəli Notariat kontoruna gələrək etibarnamə alıb və “Asan İmza”nı sənədləşdiriblər.

Bir il sonra S.Musayev bilib ki, onun adından qanunsuz fəaliyyət göstərən beş müəssisə qeydiyyata alınıb.

Hazırda Nəsimi rayon 19-cu Polis Bölməsinin əməkdaşları Sumqayıt sakininin şəxsi məlumatlarını qanunsuz istifadə edən dələduzun kimliyini müəyyənləşdirməyə çalışır.

Qeyd edək ki, son bir gün ərzində Bakıda 12 dələduzluq faktı qeydə alınıb.

Dələduzluq Azərbaycanda geniş yayılmış cinayətlərdən biridir. Ölkədə axtarışda olan hər üç nəfərdən biri bu cinayətlə ittiham olunur.

DİGƏR XƏBƏRLƏR

Top