Putinin atdığı bu addım Paşinyanı özündən çıxaracaq


Rusiya prezidenti Vladimir Putin hazırda həbsdə olan Ermənistanın sabiq prezidenti Robert Koçaryana növbəti dəfə məktub yazıb.
Yeniavaz.com Ermənistan mətbuatına istinadən xəbər verir ki, həbs olunduqdan sonra Koçaryana bir neçə dəfə məktub yazan Putin sonuncu məktubunda sabiq Ermənistan prezidentini qarşıdan gələn Yeni il və "Milad" bayramları münasibətilə təbrik edib.
Putin məktubunda qeyd edib ki, Rusiya dövlətlərimiz arasında dostluq münasibətlərinin və qarşılıqlı faydalı əməkdaşlığın inkişafına verdiyiniz töhfəni çox yüksək qiymətləndirir.
Sonuncu dəfə Putin Koçaryana bu ilin avqust ayında məktub göndərib. Putin həmin məktubda  65 yaşı tamam olan Ermənistanın sabiq prezidentini təbrik edib.
Onu da bildirək ki, Putin ötən ilin avqust ayının 31-də də Koçaryana zəng edərək onun ad gününü təbrik edib.
Məlumat üçün bildirək ki, Robert Koçaryan Prezident olduğu dövürdə - 2008-ci il 1 mart tarixində seçkilərin nəticələrinə etiraz edən müxalifət təmsilçilərinə qarşı güc tətbiq edib və nəticədə 10 nəfər, o cümlədən, iki polis əməkdaşı həlak olub, 200-dən çox insan xəsarət alıb.
Nikol Paşinyan ötən ilin may ayında hakimiyyətə gəldikdən sonra Koçaryan barəsində cinayət işi açılıb və ötən ilin iyulun sonunda həbs olunub. Lakin avqustun 13-də Apellyasiya Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri dəyişib.
Baş Prokurorluq Kassasiya Məhkəməsinə şikayət edib və Kassasiya Məhkəməsi dekabrın 7-də yenidən araşdırmaq üçün işi Apellyasiya Məhkəməsinə qaytarıb. Həmin gün Apellyasiya Məhkəməsinin qərarı ilə Robert Koçaryan yenidən həbs edilib.
Qeyd edək ki, Robert Koçaryan ikinci dəfə həbs olunduqdan qısa müddət sonra - ötən ilin dekabr ayının sonunda Putin onu "Yeni il" münasibətilə təbrik məktubu göndərib.
Xatırladaq ki, Putinin həbsdə olan Koçaryana dəfələrlə məktub yazmasına Ermənistanın Baş naziri Nikol Paşinyan sosial şəbəkə hesabından paylaşdığı "status"la cavab verib. Belə ki, bu ilin avqust ayında Putinin məktubundan dərhal sonra Paşinyan sosial şəbəkə hesabında paylaşdığı "status"unun sonuna rus dilində bir cümlə əlavə edib.
Paşinyan erməni dilində belə yazıb: "Biz bu gün Cinayət Məcəlləsinə dəyişiklik layihəsini qəbul etdik, mahiyyətini qısaca belə təsvir etmək olar".
Daha sonra isə erməni dilində yazdığı bu cümlənin sonuna rus dilində "Oğru həbsxanada oturmalıdır" (Вор должен сидеть в тюрьме!) sözlərini əlavə edib.
Ekspertlər o zaman qeyd ediblər  ki, Nikol Paşinyan sosial şəbəkə hesabında paylaşdığı əvvəlki "status"larının heç birində rus dilində qeydlər yazmayıb və Paşinyan bu cür "status" paylaşmaqla Rusiyaya mesaj verib.

DİGƏR XƏBƏRLƏR

Top