Qarabağdan gələn dəmirçi sənəti - FOTO


Bir vaxtların məşhur sənət növlərindən sayılan dəmirçiliyə indi maraq azalıb. Hazırda Azərbaycanda dəmirçiliklə məşğul olan şəxslər barmaqla sayılacaq qədərdir. Rayonlarda isə demək olar ki, bu sənətlə məşğul olanların da sayı azalıb.
Yeniavaz.com xəbər verir ki, Mingəçevirdə dəmirçi kimi tanınan 63 yaşlı Saday İsgəndərov 50 ilə yaxındır ki, dəmirçiliklə məşğuldur. Saday İsgəndərov əslən Laçın rayonundandır. Ermənilər torpaqlarımızı işğal etdikdən sonra Mingəçevirə ailəsi ilə pənah gətirən usta Saday elə özünün dediyi kimi dəmirçilik sənətini bu bölgəyə gətirib: "Mən bu sənəti Qarabağdan gətirmişəm. Özüm Laçın rayonunda yaşamışam, daha sonra Xankəndində də yaşadıqdan sonra ermənilərin çirkin əməlləri bizi yurd–yuvamızdan uzaq saldı. Bu sənət mənə ata-babalarımdan keçib. Mən orta məktəbdə yaxşı oxumadığıma görə atam özü ilə məni dəmirçi dükanına gətirib bu sənəti mənə öyrədib. Daha sonra məni ustad yanına qoydu. Sənətin bütün incəliklərini öyrəndim. Ustam məndən razılıq edəndə əlini başıma çəkərdi. İndi o gündən bu günə qədər bu peşəni davam etdirirəm. Hələ gənc yaşlarımdan hörgüdür, suvaqdır hamısını edirdim. Dəmirçilik tələskənliyi sevməyən sənətdir".
Usta Saday deyir ki, dəmir işi həm də imkan verir ki, usta özünü ifadə edə bilsin. Hərənin bir təxəyyülü bir xəyal dünyası var. Amma əsl sənətkar öz gizli dünyasının bəzəklərini əl işinə yansıda bilsin. Saday usta onu da deyir ki, hər bir sənətin şablonu, standartı var. Əsl usta kimdənsə öyrənər amma öz bildiklərini də ona əlavə edər.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top