Dekabrın 28-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin qərarı ilə Akademiyanın ümumi yığıncağı keçiriləcək.
AMEA-nın akademik-katibi Əminağa Sadıqovun verdiyi məlumata görə, iclasın gündəliyinə bir neçə məsələ daxil edilib: “Gündəlikdə dayanan əsas məsələ AMEA-nın 2020-2025-ci illər üçün İnkişaf Proqramının müzakirə olunmasıdır. Proqram müzakirə olunaraq qəbul ediləcək.
İclasda Prezident İlham Əliyev tərəfindən Akademiyanın qarşısında qoyulan tapşırıq və vəzifələr də müzakirə olunacaq. Bundan əlavə, AMEA-nın hazırkı nizamnaməsi 2014-cü, “Elm haqqında” qanun isə 2016-cı ildə qəbul olunub. Yəni, AMEA Nizamnaməsinin “Elm haqqında” qanuna uyğunlaşdırılması zərurəti də yaranıb. Nizamnamədə dəyişiklik etmək üçün bir neçə səbəb yaranıb. Nizamnamə komissiyası bununla bağlı təkliflər hazırlayıb. Həmin təkliflər ümumi yığıncaqda müzakirə olunacaq.
AMEA-da daimi fəaliyyət göstərən Nizamnamə komissiyası olub. Bu komissiyanın yenidən təşkil olunması üçün obyektiv zərurət yaranıb. İclasda bu məsələ də müzakirə ediləcək”.