“AAAF Park”da illərdi düzəlməyən problem: Sakinlər qaz üzünə həsrət qalıb - VİDEO

Son vaxtlar tez-tez şikayətlər eşitdiyimiz Xırdalan şəhərində yerləşən “AAAF Park” yaşayış kompleksində yaşayan sakinlər bu gün də binalara qaz verilməməsi səbəbi ilə etiraz ediblər.  

Soyuq qış günlərini evlərini elektrik enerjisi ilə qızdırmağa məcbur qalan sakinlər bu dəfə “AAAF Park” rəhbərliyinin ofisi qarşısına toplaşaraq şikayətlərini səsləndiriblər.  

Baku TV əraziyə gedərək problemlə yaxından maraqlanıb.  

Sakinlərlə söhbətimizdən məlum oldu ki, onlar artıq illərdir evlərini elektrik enerjisi ilə qızdırırlar. Bununla evdə normal istilik əldə edə bilməməklə yanaşı, hər ay elektrik üçün kifayət qədər ödəniş edirlər.  

Kompleksdə yaşayanlar həmçinin bildirirlər ki, burada ev alarkən onlara bu qədər müddət ərzində binaların qazsız qalacağı barədə heç nə deyilməyib: 

“Burda ev alanda bizə belə deyilməmişdi. Peşman etdilər. Bizə deyirlər ki, sənədləşmədə problem var ona görə çəkmirik. Bu qədər müddətə sənədləri niyə yoluna qoya bilmirlər?”.  

Sakinlərlə müsahibəmiz əsnasında nəhayət ki, sözügedən “AAAF Park Holdinq” MMC-nin idarə heyətinin sədri ortaya çıxaraq sakinləri qəbula çağırdı. Problemlə bağlı biz də açıqlama almaq istəsək də, təssüflər olsun ki, qapını üzümüzə bağlayaraq suallarımıza cavab verməkdən imtina etdilər.  

“AAAF Park Holdinq” MMC-nin mətbuat xidmətinin rəhbəri Kənan Məstəliyevin dediklərinə inansaq, bu günə qədər problemin həll olunmaması sənədləşmə işlərinin tənzimlənməməsi ilə bağlı olub. Yaxın bir neçə ay ərzində məsələ köklü surətdə öz həllini tapacaq.  

Həm sakinlər, həm də idarə heyəti ilə danışıqlarımızdan sonra isə aydın olan odur ki, bina sakinləri bir qış daha üşüməli olacaqlar.  

DİGƏR XƏBƏRLƏR

Top