Xırdalanın girişini niyə kanalizasiya suyu basıb? - "Azərsu"dan RƏSMİ AÇIQLAMA


Bir neçə gün əvvəl Xırdalanda Həsən Əliyevlə Heydər Əliyev küçələrinin kəsişməsindəki dairəvi yolda daşan kanalizasiya sularının Ceyranbatan su anbarına axıdıldığı xəbərini vermişdik. Ancaq hələ də bu ciddi problemlə bağlı heç bir tədbir görülməyib. Təxminən bir aydır davam edən məsələ barədə məlumat almaq üçün yenidən "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı ilə əlaqə saxladıq.
Anar Cəbrayıllı Yeniavaz.com-a açıqlamasında bildirdi ki, bəhs edilən ərazidə kanalizasiya xəttinin tikintisinə Bakı Mühəndislik Universiteti tərəfdən başlayaraq Xırdalan istiqamətində davam edilib. Ancaq kanalizasiya xəttinin çəkilişi tam başa çatmadan ətrafdakı evlərin bütün çirkab suları həmin xəttə qoşulub və bu səbəbdən həmin yerdə kanalizasiya xətti daşıb:
"Bizim rəhbərlik həmin yerdəki problemin həll edilməsi ilə bağlı göstəriş verib. Sadəcə təzə xətt sistemə qoşulmayıb və evlərin kanalizasiya borularının indidən ora qoşulması mövcud problemi ortaya çıxarıb. Biz hazırda məsələ ilə bağlı tədbirlər görürük. Yeri gəlmişkən qeyd edim ki, kanalizasiya suları ceyranbatan su hövzəsinə heç bir halda qarışmır. İkisinin ortasında hündür torpaq sahəsi var".

Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top