Beynəlxalq təşkilat "Qarabağ danışıqları"nın detallarını AÇIQLADI - Azərbaycan ermənilərə nə vəd edir?

Xəbər verdiyimiz kimi Brüsseldə mənzillənmiş Beynəlxalq Böhran Qrupu (İnternational Crisis Group) Dağlıq Qarabağ münaqişəsinə dair yeni, kifayət qədər əhatəli və uzunmüddətli araşdırmaların nəticəsi olaraq hesabat açıqlayıb.

Hesabatda mühüm məqam - münaqişənin nizamlanmasının dalana dirənməsinin başlıca səbəblərindən olan Dağlıq Qarabağın statusu ilə bağlı danışılır.

İCG qeyd edir ki, Dağlıq Qarabağın Azərbaycanın tərkibində, yaxud “müstəqil” olacağı haqda məsələ münaqişənin başlıca məsələsidir. Həm Ermənistanın, həm Dağlıq Qarabağdakı qondarma erməni rejiminin rəhbərləri regionun ya müstəqil olmasını, ya Ermənistana birləşdirilməsini tələb edirlər. Azərbaycan isə öz növbəsində müstəqilliyi istisna edir, Dağlıq Qarabağa Azərbaycanın tərkibində geniş muxtariyyət verməyə hazır olduğunu bildirir.

“Hərçənd Azərbaycan heç vaxt bu muxtariyyətin necə görünəcəyinə dair dəqiq və ətraflı təklif təqdim etməyib. Status barədə bütün əvvəlki debatlar xarici vasitəçilərin təklifləri ətrafında aparılıb”,-hesabatda deyilir.

İCG qeyd edir ki, hər iki tərəf statusa dair dönməz bəyanatlarla çıxış etsə də 25 illik danışıqlar ərəfəsində bu məsələdə yeganə dönüş 2007-ci ildə Madriddə ATƏT xarici işlər nazirlərinin toplantısında baş verib. Ermənistan və Azərbaycan sonradan altı elementlə birləşdirilən üç prinsipi qəbul ediblər. Həmin prinsiplərdən biri Dağlıq Qarabağa “aralıq statusun” verilməsini, daha sonra yekun statusun referendum, yaxud səsvermə ilə müəyyən edilməsini nəzərdə tuturdu. Səsvermənin necə keçiriləcəyi, hansı sualların qoyulacağı və bülletenləri kimin verəcəyi kimi detallar isə sonrakı müzakirələrə saxlanılmışdı.

“Lakin o vaxtdan bəri danışıqların dalana dirənməsi 2016-cı ildə baş vermiş toqquşmalar Bakı ilə Yerevanın status barədə anlaşma əldə etməsi prinsiplərini nəinki pisləşdirib, eyni zamanda iki cəmiyyət arasında müzakirələr üçün məkanı daraldıb”,-İCG bildirir.

Təşkilat xatırladır ki, 2019-cu ilin əvvəllərində, Bakı ilə Yerevan arasında müəyyən istiləşmənin qeydə alınmasının ardınca son aylarda qarşıdurma yenidən güclənib. Hətta Ermənistanın baş naziri Nikol Paşinyan daha da uzağa gedərək “Qarabağ Ermənistandır, nöqtə” bəyanatı ilə çıxış edib. İki ay sonra isə Azərbaycan prezidenti İlham Əliyev “Qarabağ Azərbaycandır və nida işarəsi!” bəyanatı ilə ona cavab verib.

İCG vurğulayır ki, Dağlıq Qarabağın statusuna görə yaranmış dalan vəziyyəti praktiki olaraq bütün qalan məsələlərin də müzakirəsinə imkan vermir. Hər iki tərəf geniş iqtisadi və humanitar əməkdaşlıqdan tutmuş etimadın möhkəmləndirilməsinə dair qısamüddətli tədbirlərə qədər bir çox məsələlərdə kompromislərə getməkdən çəkinir, statusla bağlı mövqelərini zəiflətməkdən çəkinir.

“Lakin cüzi irəliləyiş əlamətləri də var. Yerevan ilk dəfə publik olaraq bildirir ki, münaqişənin nizamlanması Ermənistan və Dağlıq Qarabağ regionunun əhalisi ilə yanaşı Azərbaycanın da maraqlarına uyğun olmalıdır. Azərbaycanlılar sülh prosesinin ardınca nələrin baş verə biləcəyi və Dağlıq Qarabağın özünü idarəetməsinin necə olacağı haqda getdikcə daha çox müzakirələr aparırlar. Hərçənd Bakı erməni tərəfinə regionun statusunu necə gördüyü haqda təklif təqdim etməyib, şifahi olaraq müzakirə olunan muxtariyyət variantı isə Ermənistanı, eləcə də Dağlıq Qarabağ rəhbərlərini qane etməkdən çox uzaqdır”,-İCG qeyd edir.

Təşkilatın analitiklərinin fikrincə, əgər Bakı geniş muxtariyyət barədə ideyaları rəsmi təklifə çevirsə, Yerevan isə Azərbaycan üçün də məqbul həll variantı barədə arzusunu reallaşdırmağa hazır olsa və Xankəndinin də mövqeyini əks etdirən cavab təklifi ilə çıxış etsə o zaman nəzəri olaraq onların söhbəti alına, tərəflər bir-birini daha yaxşı anlaya bilər. Belə müzakirələr status məsələsini tezliklə həll eməyəcək, amma ola bilsin potensial əməkdaşlıq sahələrini üzə çıxaracaq.

Hesabatda bildirilir ki, Dağlıq Qarabağın “aralıq statusu” barədə müzakirələrdə azərbaycanlılar regionun de-fakto idarətmə strukturlarının saxlanılmasına qarşı deyil, amma Azərbaycanın tərkibində. Sövdələşməni daha da şirnikləndirmək üçün onlar təklif edirlər ki, Dağlıq Qarabağ “razılaşdırılmış bəzi məsələlərlə bağlı” məhdud xarici siyasət də həyata keçirə bilər. Hansı ki, indi Dağlıq Qarabağ heç bir dövlət tərəfindən tanınmadığı üçün bunu edə bilmir.

Amma Bakının şərti budur ki, Dağlıq Qarabağ muxtar reginu sovet dövrü inzibai sərhədləri hüdudları daxilində olacaq. Regiona aralıq statusu verməyin əvəzində Bakı Yerevanın ətraf rayonlara iddiasından imtina etməsini gözləyəcək.

“Azərbaycan rəsmi şəxsləri bu formulu ciddi güzəşt hesab edir, amma onların sözlərinə görə, əgər Yerevan və Xankəndi şərtlərə razılaşarsa həmin güzəştə gedə bilərlər”,-İCG öz hesabatında bildirir.

“Bu, Azərbaycanın təklif edə biləcəyi ən böyük güzəştdir”,-rəsmilərdən biri deyib. Bakıda hesab edirlər ki, araqlı status bir çox üstünlüklər də gətirəcək, o cümlədən iki icma arasında təmaslar, qaçqınların qayıtması kimi. “Dağlıq Qarabağa investisiyalar axacaq, minaların təmizlənməsi başlayacaq”,-bir yüksək rütbəli Azərbaycan məmuru belə deyib.

Lakin hesabatda deyiilir ki, erməni tərəfi bu variantdan qəti imtina edir. Onlar aralıq statusa hansısa variantda razılaşsalar belə bunun üçün əlavə təhlükəsizlik təminatı və yekun statusun müəyyən edilməsinə dair konkret müddət də tələb edə bilərdilər.

Virtualaz.org

DİGƏR XƏBƏRLƏR

Top