Uşaq və qocalara ayrılan 725 min manat hara gedir? - Rəsmi FAKTLAR və AÇIQLAMA


Xəbər verdiyimiz kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində olan 1 saylı Sağlamlıq İmkanları Məhdud uşaqlar üçün Sosial Xidmət Müəssisəsinin binasında əsaslı təmir, abadlıq və cari təmir işlərinin görülməsi üçün 360 min 709 manat 36 qəpik ayrılıb. Ayrılan vəsait  "Avalon-12" QSC -yə veriləcək və bu şirkət 13 gün ərzində - 17.12.2019 - 30.12.2019-cu il tarixlərində daha əvvəl təmir olunmuş müəssisəni yenidən təmir edəcək.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, yuxarıda qeyd olunan tenderə paralel olaraq eyni gündə - 18.12.2019-cu il tarixində başqa bir müsabiqənin nəticəsi elan olunub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində olan Pensiya yaşına çatmış şəxslər üçün Sosial Xidmət Müəssisəsinin ("Qocalar Evi") binasında da əsaslı təmir, abadlıq və cari təmir işləri cəmi 13 gün ərzində - 17.12.2019 - 30.12.2019-cu il tarixlərində icra olunacaq.

Məlumat üçün bildirək ki, tenderin qalibi olan "AZ-AVS" QSC  adlı şirkətə  əsaslı təmir, abadlıq və cari təmir işlərinin görülməsi üçün  364 min 358 manat 72 qəpik ayrılıb. Cəmi 13 gün ərzində əsaslı təmir edilməsi nəzərdə tutulan Pensiya yaşına çatmış şəxslər üçün Sosial Xidmət Müəssisəsinin daha əvvəl - 2015-ci ildə təmir olunduğu qeyd olunub. Bu barədə Sabunçu rayon İcra Hakimiyyətinin rəsmi veb-səhifəsində məlumat var (bu linkdən baxa bilərsinizhttp://sabunchu-ih.gov.az/page/256.html). Eyni zamanda mətbuatda bu barədə kifayət qədər geniş məlumat yayılıb.
Xatırlayırsınızsa bu ilin avqust ayının 26-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Pensiya yaşına çatmış şəxslər üçün Sosial Xidmət Müəssisəsin ziyarət edib. Həmin ziyarət zamanı şəkilən video-görüntünü təqdim edirik:

Cəmi 3 ay əvvəl çəkilən bu videodan da açıq şəkildə görünür ki, "Qocalar Evi" kifayət qədər təmirlidir və bunu müəsisədə yaşayan şəxslər ölkənin Birinci vitse-prezidentinə də bildirirlər.
Pensiya yaşına çatmış şəxslər üçün Sosial Xidmət Müəssisənin mühafizəçisi olduğunu söyləyən şəxs yeniavaz.com-a açıqlamasında bildirdi ki, o 10 aya yaxındır bu müəssisədə işləyir və bu müddət ərzində hər hansı bir təmir işinin getməsinə şahid olmayıb.

Onu da qeyd edək ki, "AZ-AVS" QSC  07.04.2016-cı ildə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Ələkbərov Hikimət Şamil oğludur. Bu şirkət ötən il MMC kimi "Saral İnşaat" MMC adlı şirkətlə birgə Əmək və Əhalinin Sosisla Müdafiəsi Nazirliyindən ümumi məbləği 4 milyon manata yaxın olan tenderlər udub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən milyonlara vəsait alan "AZ-AVS" QSC (MMC) barədə açıq internet resurslarda tender xəbərlərindən başqa heç bir məlumata rast gəlmək olmur. "Facebook" sosial şəbəkəsində "Az Avs MMC" adlı səhifə mövcuddur. Heç kim tərəfindən bəyənilməyən səhifənin 8 noyabr 2019-cu ildə açıldığı qeyd olunub.
Diqqət çəkən məqamlardan biri isə odur ki, bu yazıda qeyd olunan məqamlar əvvəlki yazıda (bu linkdən baxa bilərsiniz - https://www.yeniavaz.com/az/news/index/127030/heyder-eliyev-fondunun-temir-etdiyi-usaq-muessisesini-nazirlik-yeniden-temir-edir-361-min-manat-pul-ayirdi) bəhs etdiyimiz məqamlarla üst-üstə düşür.
- Hər iki tenderi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu keçirib...
- Hər iki tenderin nəticəsi 18.12.2019-cu il tarixində açıqlanıb...
- Hər iki tender 17.12.2019-cu il tarixində başlayıb  30.12.2019-cu il tarixlərində başa çatacaq...
- Tenderi udan hər iki şirkət - "Avalon-12" QSC "AZ-AVS" QSC  ötən il MMC kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tenderlərində qalib olublar...
- Hər iki şirkət tenderləri təkbaşına deyil başqa bir şirkətlə konsorsium quraraq qazanıblar...
- Hər iki şirkətin udduğu tender kifayət qədər yüksək olub - "Avalon-12" QSC (5,9 milyon) "AZ-AVS" QSC  (3,9 milyon manat)
- Hər iki şirkət bugünə kimi yalnız Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tenderlərində qalib olublar...
- Hər iki şirkət bu ilin noyabr ayında cəmi 1 gün fərqlə (7 və 8 noyabr)  "Facebook" sosial şəbəkəsində hesab açıblar...
- Hər iki şirkətin loqosunda qeyd olunan şüar eynidir - "Construction of residential and non-residential bulidings"...
- Hər iki şirkətə ayrılacaq vəsait 3 hissədən ibarət olacaq və eyni məqsədlə ayrılacaq - əsaslı təmir, abadlıq və cari təmir...
- Hər iki şirkət qeyd olunan əsaslı təmir, abadlıq və cari təmir işlərindən başqa Dövlət Sosial Müdafiə Fondunun rayon şöbələrinin inzibati binalarını cari təmir edəcəklər - Avalon-12" QSC Fondun Ağsu rayon şöbəsini (33 min 1 manat 57 qəpik),  "AZ-AVS" QSC  isə Fondun Ucar rayon şöbəsini (264 min 581 manat 84 qəpik)
- Hər iki şirkətə ayrılan vəsait təxminən eyni miqdarda olacaq - "AZ-AVS" QSC  adlı şirkətə  364 min 358 manat 72 qəpik, "Avalon-12" QSC adlı şirkətə isə 360 min 709 manat 36 qəpik...
Məsələyə aydınlıq gətirmək üçün suallarımızı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Fazil Talıblıya ünvanladıq.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mətbuat xidmətinin rəhbəri suallarımıza cavab olaraq bildirdi ki, Pensiya yaşına çatmış şəxslər üçün Sosial Xidmət Müəssisəsində 220 dən çox sakin məskunlaşıb: "Burada kitabxana və idman zalları, müəyyən əl işləri hazırlamaq üçün emalatxanalar və s. sakinlərin istifadəsindədir. Ölkəmizin milli dəyərlərindən biri kimi yaşlılara hörmət əlaməti olaraq müxtəlif xarici və yerli idarə, təşkilatların və vətəndaşların oraya tez-tez baş çəkmələri, tədbirlər təşkil etməsi və s. kimi amillər müəssisənin, habelə buradakı otaqların, məişət şəraitinin, kommunal sistemlərin işləkliyinin daima yüksək səviyyədə saxlanılmasını vacib edir. Bunlar nəzərə alınmaqla və sonuncu təmir işlərinin aparılmasından xeyli müddət keçdiyini nəzərə alaraq müəssisədə təmir, bərpa və abadlıq işlərinin aparılması normaldır".
 
Allahverdi Cəfərov
 
 

DİGƏR XƏBƏRLƏR

Top