Bərdədə məktəb binası qəzalı vəziyyətdədir


Bərdə rayonunda yerləşən Rafiq Orucov adına Saatlı kənd tam orta məktəbi təmirsiz və qəzalı vəziyyətdədir.
Yeniavaz.com xəbər verir ki, məktəbin direktoru Vüqar Quliyev APA-ya bildirib ki, məktəbdə 409 nəfər şagird təhsil alır və 50 müəllim çalışır.
Onun sözlərinə görə, məktəbin binası 1990-cı ildə inşa edilib.
2010-cu ildə məktəbə direktor təyin olunduğunu xatırladan V. Quliyev deyib ki, həmin vaxt da məktəb bu vəziyyətdə olub: “Məktəbin vəziyyəti ilə bağlı ötən il aidiyyəti qurumlara müraciət edilib. Müraciətimizə cavab olaraq bildirilib ki, məktəb gələcək illərdə təmir olunacaq. Ötən il məktəbin əsaslı təmiri nəzərdə tutulmuşdu. Bu ilin yayında isə məktəbdə müəyyən qədər kosmetik işlər görüldü, amma məktəb təmir edilmədi. Sinif otaqlarının pəncərəsi, qapısı yoxdur, istilik sistemi bərbad vəziyyətdədir”.
V. Quliyev vurğulayıb ki, 2005-ci ildə məktəbdə təhsil alan ibtidai sinif şagirdləri üçün ayrı bina inşa edilib: “İbtidai sinif şagirdlərinə dərslər qəzalı vəziyyətdə olan məktəbdə yox, yeni tikilən binada tədris edilir”.
Məsələ ilə bağlı Təhsil Nazirliyindən APA-nın sorğusuna cavab olaraq deyilib ki, sözügedən məktəbin tikintisi və ya əsaslı təmiri ilə bağlı məsələyə növbəti illərin dövlət investisiya proqramında baxılacaq.
“Son 5 ildə 600-dən çox, 2003-2018-ci illər ərzində 3200-dən artıq yeni məktəb binası tikilib və ya əsaslı təmir olunub. Bugünədək həyata keçirilən tədbirlər nəticəsində 1 milyondan çox şagirdin təlim şəraiti əhəmiyyətli şəkildə yaxşılaşdırılıb. Yeni tədris ili üçün 84 məktəb binasının tikintisi nəzərdə tutulub ki, onlardan 43-ü artıq  istifadəyə verilib, digərlərinin isə ilin sonunadək təhvil verilməsi planlaşdırılır”, - deyə Nazirlikdən bildirilib. 

DİGƏR XƏBƏRLƏR

Top