Deputat: “Məcburi köçkünlərlə bağlı bəzi məsələlərin həlli istiqamətində təkliflər hazırlanıb”


“Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi bu məsələlərin həlli istiqamətində müəyyən təkliflər hazırlayıb. Hesab edirəm ki, qarşıdakı aylarda bu problemlərin aradan qaldırılması ilə bağlı müəyyən məsələlərə nail ola biləcəyik”.
Yeniavaz.com
xəbər verir ki, bu sözləri APA-ya müsahibəsində Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Mahir Abbaszadə deyib. O bildirib ki, Nazirlər Kabinetinin məcburi köçkünlərlə bağlı bəzi qərarlarında problemlər var: “Dövlət tərəfindən qaçqınlara və məcburi köçkünlərə hər zaman qayğı və diqqət göstərilir. Təbii ki, bu diqqət, qayğı Nazirlər Kabinetinin müvafiq qərarları ilə həyata keçirilir. Nazirlər Kabinetinin müvafiq qərarlarında bu kateqoriyadan olan insanlara müavinətlərin verilməsi, təhsil haqqından azad olunması və digər məsələlərlə bağlı müəyyən qaydalar var. Həmin qaydalara əsasən məcburi köçkün olan qız məcburi köçkün olmayan oğlanla ailə qurduğu halda həmin adamın məcburi köçkün statusu ləğv edilir və ona verilən müavinət dayandırılır. Yaxud əksinə, məcburi köçkün oğlan məcburi köçkün olmayan qızla ailə qurduğu halda həmin adamın məcburi köçkün statusu ləğv edilir və ona müavinət verilmir. Həmin qərarda digər problemlər də var. Həmin qərarda adına əmlak olan, 2011-ci ildən sonra dünyaya gələn uşaqlara müavinətlərin verilməməsi məsələsi əks olunur. Təbii ki, bu problemlərin həlli ilə əlaqədar olaraq məcburi köçkün rayonlarından olan deputatlar kimi zaman-zaman Milli Məclisdə çıxış edir, təkliflərimizi deyirik. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi bu məsələlərin həlli istiqamətində müəyyən təkliflər hazırlayıb. Hesab edirəm ki, qarşıdakı aylarda bu problemlərin aradan qaldırılması ilə bağlı müəyyən məsələlərə nail ola biləcəyik”.
M. Abbaszadə deyib ki, 2020-ci ildə də məcburi köçkünlər üçün rayonlarda və Bakıda yeni qəsəbələrin tikintisini planlaşdırılır: “Gələn il Binəqədi rayonunun Xocasən qəsəbəsində, Sabunçu rayonunun Ramana qəsəbəsində , Qaradağ rayonunun Ümid qəsəbəsində, Abşeron rayonu ərazisindəki “Stansiya-Sumqayıt” adlanan ərazidə, Samux rayonunda yeni evlər tikilərək məcburi köçkünlərin istifadəsinə veriləcək”.
Deputat həmçinin yenidən deputat olub olmayacağı sualını da cavablandırıb: “2015-ci ildə keçirilmiş parlament seçkilərində YAP-ın partiya siyahısına əsasən 121 saylı Laçın seçki dairəsindən Milli Məclisə deputat seçilmişəm. Bu dəfə də partiyamızın verəcəyi qərar partiya üzvləri, o cümlədən mənim üçün əsas olacaq. YAP namizədliyimi dəstəkləsə, təbii ki, növbədənkənar parlament seçkilərində iştirak edəcəyəm”.

DİGƏR XƏBƏRLƏR

Top