Fərəc Quliyev namizədliyini verməyəcək? - Özündən AÇIQLAMA

Milli Dirçəliş Hərəkatı Partiyasının fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkiləri ilə bağlı irəli sürdüyü ilkin siyahıda qurumun sədri, V Çağırış Milli Məclisin deputatı Fərəc Quliyevin adının yer almaması ciddi müzakirələrə səbəb olub. Hətta onun deputat olmayacağı, yəni namizədliyini verməyəcəyi yönündə iddialar da var. 

Yeniavaz.com xəbər verir ki, musavat.com-a açıqlama verən F.Quliyev deyilənlərə bu cür aydınlıq gətirib: “Mən artıq 31 saylı Suraxanı Seçki Dairəsinə müraciət etdim. Biz ilkin siyahını mətbuata bildirmişdik. Mənimlə yanaşı, bir neçə nəfərin də namizədliyi təqdim olundu. Seçildiyim dairədən namizəd olmağı uyğun bildim. Partiyamız yəqin ki, bundan sonra 10-12 nəfərin də iddiasını irəli sürəcək. İndiyə qədər sadəcə dairələri dəqiqləşdirirdik. Mən də düşünürdüm ki, başqa bir dairədən də namizədliyimi verə bilərəm, yaxud başqa dostlarımızın həmin dairədən verməsi daha uyğun olar. Çünki orada biz böyük nüfuza sahibik. O dairədən hər hansı bir dostumuz namizədliyini versə, çox rahat bir şəkildə qalib gələ bilər. Çünki o dairədə biz çox işləmişik. Açığı az xarizmalı, yaxud üzdə görünməyən bir üzvümüzün həmin dairədən namizədliyini irəli sürüb, o avantajdan istifadə etmək fikrimiz də var idi. Amma sonradan müzakirələr əsasında kimin hansı dairədən namizəd olmasının məqsədəuyğun olduğunu dəqiqləşdirdikdə, qərara aldıq ki, yenə də 31 saylıdan iddiaçı olum. 8-9 yanvara qədər namizədliyin verilmə müddəti var. Partiyalar və bəzi siyasilər haqqında müxtəlif fikirlər söylənilir. Bu, çox ciddi məsələdir. Bunu şou kimi qəbul edənlər də var. Bir də görürsən ki, siyasətlə anlayışı olmayanlar müxtəlif mövqelər sərgiləyirlər. Hesab edirəm ki, mətbu orqanlar bu məsələdə tələskənlik nümayiş etdirməməlidirlər. Bəzi insanlar haqqında indidən bu cür rəylər formalaşdırılmamalıdır. Sonuc olaraq, yanvarın 8-dən sonra hər hansı bir fikir söyləyə bilərlər, yəni filankəs hansı səbəbdən, nə üçün namizəd olmadı kimi suallar ünvanlana bilər. Siz oturuşmuş mətbu orqansınız. Onun üçün bu tipli xəbərlər dərhal yaymırsınız. Bəzi saytlar kiminsə nüfuzuna toxunmaq üçün tiraj naminə şou yaradan xəbərlər yayırlar. Amma onları da haradasa anlamaq olar. Faciə deyil. Əsas olan odur ki, demokratik bir seçki olsun”.

MDHP-nin sədri hansı sayda namizədlə seçkilərə qatılacaqlarını da açıqladı: “Təxminən 45-ə yaxın namizədimiz olacaq. Çox şeyi hesabladıq. Maliyyə məsələlərini, namizədlərin gücünü filan nəzərə aldıq. Namizədlər irəli sürüldükcə mətbuata məlumat verəcəyik”.

DİGƏR XƏBƏRLƏR

Top