Röyanın Əsmər nənəni ziyarət etməsi ilə bağlı DİN-dən AÇIQLAMA - ÖZƏL


Xəbər verdiyimiz kimi, Qazaxın Quşçu Ayrım kəndinin sakinləri yaşadıqları yerdə onlara problem yaradıldığını iddia edərək saytımıza müraciət etmişdilər. Onlar buna səbəb olaraq isə Xalq artisti Röyanın kənd sakini Əsmər Cəfərovanı ziyarət etməsini göstərir və öz yaşadıqları kəndə buraxılmadıqlarını iddia edirdilər.
Yeniavaz.com-un məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə göndərdiyi sorğuya cavab olaraq bildirilib ki, Quşçu Ayrım kəndinə gedən yolun bağlanması barədə məlumat tamamilə yanlış və əsassızdır:
“Nə həmin gün, nə də ondan əvvəl Quşçu Ayrım kəndinin yolu bağlanmayıb. Kənd sakinləri sərbəst olaraq kəndə gələ bilir, çıxa da bilirlər. Düzdür, kənd cəbhə xəttinə yaxın məsafədə yerləşdiyi üçün tez-tez düşmən tərəfindən atəşə tutulur. Belə olan halda kənd sakinlərinin təhlükəsizliyi məqsədilə müəyyən tədbirlər görülür ki, bu da kənd yolunun bağlanması anlamına gəlməməlidir”.
Qeyd edək ki, Xalq artisti Röya Ayxanın Qazaxın Quşçu Ayrım kəndində ziyarət etdiyi və evinin bərpa xərclərini üzərinə götürdüyü Əsmər Cəfərovanın oğlu və həmin kənddə müəllim vəzifəsində çalışan Orxan Hacıyev saytımıza müraciət edərək buna görə kəndlərinin yolunu bağlandığını iddia etmiş və təzyiqlərə məruz qaldıqlarını bildirmişdilər.
Şahmərdan Əhmədli

DİGƏR XƏBƏRLƏR

Top