Azərbaycanda 750 manata klub satılıb


Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən keçirilən sonuncu hərracda kənd klubu 750 manata satılıb.
Yeniavaz.com Komitədən açıqlanan məlumata istinadən bildirir ki, 750 manata satılan klub Quba rayonunun Harput kəndində yerləşir. Mədəniyyət Nazirliyinin Xaçmaz Regional Mədəniyyət İdarəsinə tabe olub.
Klubun ümumi sahəsi 36,5 kv. metr, özəlləşdirilən torpaq sahəsi isə 53,2 kv. metr olub.
Məlumat üçün qeyd edək ki, Mədəniyyət Nazirliyinin balansında olan obyektlərin "su qiymətinə" satılması əvvəllər də dəfələrlə qeydə alınıb. Bu ilin avqust ayında baş tutan hərracda Regional Mədəniyyət İdarəsinə tabe olan İkinci Şıxlı kənd Folklor Evi cəmi 6 000 manata satılıb. Satılan obyektin sahəsi 378,7 kv. metr, özəlləşdirilən torpağın sahəsi isə 451 kv. metr olub.
Bundan başqa bu ilin iyul ayında Astara şəhərində yerləşən və ümumi sahəsi 442,6 kv. metr, özəlləşdirilən torpaq sahəsi isə 2500 kv. metr olan "Azərbaycan" kinoteatrı 50 000 manata satılıb.
İyun ayında Gəncə şəhərində ümumi sahəsi 143 kv. metr, özəlləşdirilən torpaq sahəsi isə 978,7 kv. metr olan "Xronika" kinoteatrı yay zalı ilə birlikdə 166 500 manata satılıb.
May ayında Tovuz rayonunun Əyyublu kəndində ümumi sahəsi 763,5 kv. metr, özəlləşdirilən torpaq sahəsi isə 2 054,4 kv. metr olan Diyarşunaslıq Mədəniyyət Evi 33 000 manata satılıb.
A.Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top