Şou əhli sənəti, deputatlar siyasəti hörmətdən saldılar…


Mən şou əhlini təkcə toylarda fonoqramla oxuduqları üçün tənqid etmirəm. Onların savadsız olmağı da məni maraqlandırmır. Ciddi musiqiyə arxa çevirmələrinə də birtəhər dözmək olar. Məni narahat edən onların sənəti ucuzlaşdırmasıdır…

Əvvəllər min nəfərdən biri ürək edib səhnəyə çıxardı. Amma indi yumurtadan çıxanların hamısı səhnəyə hoppanır. Əsas problem budur! Camaat fikirləşir ki, Cabir, ya da Sabir oxuyursa, biz niyə oxumayaq? Axı mənim kimi şərti adı Cabir, yaxud Sabir olan o avaranın da səsi yoxdur. Heç kimi inandıra bilmirsən ki, oxumaq üçün səs lazımdır. Çünki indi oxuyanların çoxunun səsi yoxdur.
Azərbaycanın şou əhli ilə parlamentin istefaya göndərilən indiki tərkibi arasında müəyyən paralellər aparmaq mümkündür. Birincilər sənəti, ikincilər siyasəti hörmətdən saldılar. Ərindən boşanan arvadlar, atasına layiq oğul ola bilməyən kişilər müğənni olmağa can atdıqları kimi, heç vaxt yaralı barmağa məlhəm olmayan adamlar da deputat olmaq eşqinə düşüblər. Sosial şəbəkələr bizə həmin adamların savadı, dünyagörüşü barədə bilgi sahibi olmaq imkanı verir.
Oxuduğum sonuncu status belə idi: “Məndə namizəd olacağam”.
Cümlədə “da” ilə “də”nin yerini müəyyən edə bilməyən, harda bitişik, harda ayrı yazıldığını qanmayan adamlar qanun yazmaq eşqinə düşüblər. Seçib-seçilmək hər bir insanın konstitusion hüququdir. Bu hüququ məhdudlaşdırmağın mümkün olmadığını mən də başa düşürəm. Bəli, hər kəsin deputat seçilmək hüququ var. Bəs haqqı da varmı? Niyə bu adamlar papaqlarını qabaqlarına qoyub fikirləşmirlər ki, onlardan deputat olmaz? Heç fikirləşmisinizmi Azərbaycanda niyə yerindən duran adamların hamısı deputat olmaq istəyir?
Xeyli düşünüb-daşınandan sonra bu sualın cavabını tapdım. İndi deputatları görəndən sonra camaat fikirləşdi ki, parlamentdə oturmaq üçün savada, dünyagörüşə, yüksək ağıla, xüsusi intellektə ehtiyac yoxdur. Cümlədə “da” ilə “də”nin yerini müəyyənləşdirə bilməyən insanlar fikirləşirlər ki, Hadı Rəcəbli, Cavid Osmanov, Xanlar Fətiyev deputat olursa, mən niyə olmayım? Aydın məsələdir ki, siyasətdə ən naşı adam da özünü Hadı Rəcəbli qədər nüfuzdan sala bilməz. İki uzunqulağın arpasını bölə bilməyən adamlar belə deputatlardan ruhlanıb, ortaya iddia qoyurlar. Qarşıda bizi məsuliyyətli dövr gözləyir. Sayıqlığı əldən verib bu adamları deputat seçsək, gələnlər gedənlərin ölənlərinə rəhmət oxutduracaq. Bizə özgələrinin deyil, özünün ölənlərinə rəhmət oxutduran deputatlar lazımdır…

Seymur Verdizadə, Moderator.az

DİGƏR XƏBƏRLƏR

Top