Amerikalı qonaq Lənkəranda fermer təsərrüfatı ilə tanış oldu - FOTOLAR


Diplomatik korpus nümayəndələri “Şəhərdən Kəndə” layihəsi çərçivəsində “Sitrus vadisi” aqroturunda iştirak ediblər.
Yeniavaz.com
xəbər verir ki, 15 dekabr tarixində Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük və Təchizat” ASC və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) birgə təşkilatçılığı ilə “Şəhərdən Kəndə” layihəsi çərçivəsində “Sitrus vadisi” aqroturu təşkil olunub.

Lənkəran şəhərinin İstisu qəsəbəsində yerləşən “Citrus Valley” fermer təsərrüfatına təşkil olunmuş aqroturda Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbər şəxsləri, beynəlxalq təşkilatların, müvafiq dövlət və özəl qurumların nümayəndələri iştirak ediblər.
Aqroturun əsas məqsədi ölkəmizdə həyata keçirilən ilk aqroekoturizm layihəsi olan “Şəhərdən Kəndə” barədə xarici və yerli qonaqlara ətraflı məlumat vermək, onları yerli fermer təsərrüfatlarından biri ilə tanış etmək, eyni zamanda Lənkəran və Azərbaycanın digər regionlarında aqroekoturizmin inkişafına dəstək göstərmək olub.

Tədbiri çıxış nitqi ilə açıq elan edən "Sitrus vadisi" təsərrüfatının sahibi fermer Rəftarə Şükürova gördüyü iş haqqında qonaqlara məlumat verib: “Çox böyük sevinclə hamınıza xoş gəlmisiniz deyirəm. Bildirmək istəyirəm ki, təsərrüfat sahəm 15 hektar ərazini əhatə edir. Burada müxtəlif sitrus meyvələrinin yetişdirilməsi ilə məşğulam. Bir ildir ki, mən "Aqrar Tədarük və Təchizat" ASC ilə əməkdaşlıq edirəm. Bizim əməkdaşlığımız "Kənddən Şəhərə" layihəsi ilə başlayıb. İndi isə "Şəhərdən Kəndə" layihəsi çərçivəsində əməkdaşlıq edirik. İki aylıq əməkdaşlığımız çərçivəsində artıq 150-ə yaxın turisti qəbul etmişik. Gələcəkdə bu sayı daha da artırmaq istəyirik”.

Tədbirdə çıxış edən ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) missiya direktoru Cey Sinqx çıxışında aqroturizmin aqrobiznesin ən maraqlı sahələrindən biri olduğunu bildirdi: “Azərbaycanda kənd təsərrüfatının inkişafına investisiyamız Rəftarə Şükürova kimi fermer və sahibkarların bu sahəyə dəstək göstərməyə hazır olduqları üçün uğurlu oldu. Aqroturizm və qida emalı, qadınlar və gənclər də daxil olmaqla müxtəlif sahibkarlar qrupunu aqrar sektora cəlb edə biləcək aqrobiznesin maraqlı sahələridir. Ümid edirik ki, onlar daha çox turisti ziyarət etməyə, yerli insanları burada qalmağa və Azərbaycanın gözəl bölgələrində yaşayışlarını qurmağa təşviq edə bilərlər. Qeyd edim ki, Aqroturizmi inkişaf etdirmək Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan ATT ilə USAID arasında tərəfdaşlığın yeni sahələrindən biridir”.

“Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin sədri Leyla Məmmədova isə çıxışında aqroturizm üçün ölkəmizdə hər cür şəraitin olduğunu vurğuladı:
"Məqsədimiz fermerlərin məhsulların satışından asılılığını azaltmaqdır. Bu mənada aqroturizm ən yaxşı vasitələrdən biridir. Dünyanın çox ölkəsində bu praktika var.  Biz də yerli və xarici qurumlarn, eləcə də KİV nümayəndələrinin dəstəyi ilə bu layihəni daha da kütləvi hala gətirmək istəyirik”.

Aqrotur iştirakçıları günün ikinci hissəsində isə “Yaşıl çay” MMC-ə məxsus çay plantasiyasına səfər ediblər. Burada qonaqlara çay bitkisinin becərilmə qaydaları və emal prosesi barədə ətraflı məlumat verilib.
Qeyd edək ki, “Şəhərdən Kəndə” layihəsi kiçik və orta fermer təsərrüfatlarını dəstəkləmək məqsədi ilə həyata keçirilir. Layihə fermer təsərrüfatı sahiblərinə təkcə məhsuldar dövrdə deyil, eləcə də qeyri-məhsuldar dövrdə əlavə gəlir qazanmaq imkanı verir.
Layihədə iştirak etmək istəyən fermerlər ATT-nin Regional İdarələrinə yaxınlaşa, +994504008899 nömrəsinə zəng edə və ya qurumun sosial media hesablarına yaza bilərlər.


Firəngiz Quliyeva

DİGƏR XƏBƏRLƏR

Top