İTV-də yayımlanan “3D” verilişinin budəfəki qonağı AFFA-nın baş katibi Elxan Məmmədov olub.
Yeniavaz.com xəbər verir ki, 2 aydan sonra verilişə gələn E.Məmmədov aparıcı Dadaş Dadaşlinskinin suallarına cavab verib.
O, AFFA-nın Berlində açdığı futbol məktəbi haqqında danışaraq, məqsədlərinin orada yaşayan milyonlarla azərbaycanlıları futbola cəlb etməkdən ibarət olduğunu bildirib:
“Bəli, belə bir məktəb var. Məqsədimiz Almaniyada yaşayan milyonlarla azərbaycanlı uşaqları ora cəlb etmək idi. Eyni zamanda, orada olan idman mədəniyyət evi Azərbaycanı təbliğ etmək məqsədi ilə idman şöbəsi yaratmışdı. İdeya da buradan irəli gəlmişdi”.
E.Məmmədov eyni zamanda məktəbin açılmasında xərclənən vəsait haqqında da məlumat verib:
“Sözün düzü bu rəqəm yadımda deyil. Çünki, söhbət 2009, 2010, 2011-ci illərdən gedir. Səhv etmirəmsə bir ilə 100 min manat xərcləyirdik. Bununla bağlı AFFA-nın saytında hesabat var. Oraya daxil olub dəqiq baxa bilərsiniz. Biz fəaliyyətimizlə bağlı xərcləri şəffaf şəkildə ictimaiyyətə bildiririk”.
E.Məmmədovu çətin vəziyyətə salan suallardan biri də, “Heç olubmu ki, Elxan Məmmədov yığma komandaya görə utansın?” olub.
“Məyus olurduq, amma utanmaq olmayıb. Çünki, futbolçularımız hər oyuna 3 xal üçün çıxırlar. Heç kim deyə bilməz ki, komanda uduzmaq üçün çıxır. AFFA və ümumi Azərbaycan ictimaiyyəti tək 11 nəfərdən ibarət deyil. Bir milli komandadan ibarət deyil. Buna daha qlobal baxmaq lazımdır. Sağlam həyata, sosial layihələrə baxmaq lazımdır”- deyə AFFA-nın baş katibi cavab verib.
“Niyə Azərbaycan futbolunda pul olmayanda, başqa dillə desək “peraşki” dövründə 14, 16 komanda olurdu, amma indi milyonlarla pul var cəmi 8 komanda var?” Sualına cavab verən E.Məmmədov bunun əsl səbəbinin iş adamlarında olduğunu bildirdi:
“Biz arzulayırıq ki, komandaların sayı minimum 10 olsun. Amma bu sual daha yaxşı olardı ki, iş adamlarına verilsin. Bu gün AFFA digər sponsorlarla birlikdə neçə kluba dəstək göstərir. Biz bunu etməməliyik. Klubların sayı birbaşa iş adamlarından asılıdır”.
Eyni zamanda E.Məmmədov istefa söz-söhbətinə də münasibət bildirib.
O, “Əgər mən bilsəydim ki, Azərbaycan millisi finala çıxacaq mütləq istefa verərəm və növbəti həyatımda futbolçu olaram ki, gəlib sizin ümidlərinizi doğruldum” ifadəsini dediyini təsdiqləyib.
Aparıcı isə cavabında, “Siz getməsəniz, bunu bilməyəcəyik” - deyərək qeyd edib. İlahə Hüseynova