Təhsil naziri Tibb Universitetində keçirilən yubiley tədbirində iştirak edib


Bu gün Azərbaycan Tibb Universitetində (ATU) “İnsan anatomiyası və tibbi terminologiya” kafedrasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Yeniavaz.com xəbər verir ki, tədbiri giriş sözü ilə açan Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli kafedranın yaranma tarixindən söz açıb.
O qeyd edib ki, sözügedən kafedra 1919-cu il sentyabrın 1-də Bakı Universiteti və onun Tibb fakültəsinin nəzdində “Normal anatomiya kafedrası” adı altında yaradılıb.
Elə həmin il noyabrın 20-də Bakı Universitetinin ilk rektoru və anatomiya kafedrasının ilk müdiri Əməkdar elm xadimi, görkəmli cərrah-anatom, professor Vasili Razumovski tərəfindən kafedrada “Tibbə və anatomiyaya giriş” mövzusunda ilk mühazirə oxunub. 
Rektor G. Gəraybəylinin sözlərinə görə, həmin mühazirənin mətninin çap variantı hazırda kafedranın muzeyində saxlanılır: “Kafedranın və Anatomiya muzeyinin inkişafında professorlar Balakişiyev, Hacıyev, Əsgərov, dosentlərdən Əlizadə, Həsənov və başqalarının böyük rolu olub. 1995-ci ildən etibarən professor Vaqif Şadlinskinin rəhbərliyi altında kafedra yeni inkişaf dövrünə qədəm qoyub. Yarandığı vaxtdan bu günədək kafedrada 85 mindən çox tibb və əczaçı kadrları, həmçinin 27 tibb elmləri doktoru, 58 tibb elmləri üzrə fəlsəfə doktoru yetişdirilib. Bu kafedranın əməkdaşları bütün dövrlərdə ATU-nun ictimai həyatında mühüm rol oynayıblar. 100 illik yubileyini qeyd etdiyimiz qocaman kafedranın əməkdaşları hazırda da universitetdə həyata keçirilən bütün innovativ layihələrdə fəal iştirak edirlər”. G. Gəraybəyli kafedranın inkişafında əməyi olan insanları ürəkdən təbrik edib və fəaliyyətlərində uğurlar diləyib.

Azərbaycan Respublikasının təhsil naziri Ceyhun Bayramov “İnsan anatomiyası və tibbi terminologiya” kafedrasının 100 ilik yubileyi münasibətilə hər kəsi təbrik edib. Nazir 100 il öncə Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqının milli sərvəti, milli iftixarı adlandırdığı Bakı Dövlət Universitetinin təsis edildiyini xatırladıb: “Əlamətdar haldır ki, BDU-nun 100 illik yubiley tədbirləri ilə bugünki yubiley tədbiri təxminən eyni vaxta təsadüf edir. Azərbaycan Tibb Universiteti ölkəmiz üçün çox önəmli ali təhsil müəssisələrindəndir. Burada korifeylər yetişib. Onlardan biri də professor Balakişiyev olub. 1995-ci ildən kafedraya rəhbərlik edən professor Vaqif Şadlinskinin də xüsusi xidmətləri göz önündədir. Bu illər ərzində “İnsan anatomiyası və tibbi terminologiya” kafedrası tibb təhsilinin inkişafında, peşəkar kadrların hazırlanmasındaböyük işlər görüb”. 

Azərbaycan Respublikası səhiyyə nazirinin müavini Elsevər Ağayev də 100 illik yubiley münasibətilə əməyi olan hər kəsi təbrik edib: “Bu yubiley tədbirlərinin keçirilməsinin daha bir əhəmiyyəti odur ki, keçmişi yada salırıq, xidməti olan insanları anırıq. Bu 100 illik kafedranın tarixində də çoxsaylı ziyalı şəxslərin böyük əməyi, xidməti olub. Yarandığı gündən bu günə qədər kafedradaki dəyişikliklər, yeniliklər, inkişaf göz önündədir. Kafedranın bütün əməkdaşlarına uğurlar diləyirəm”. 

Konfrans öz işini plenar sessiyalarla davam etdirib, ayrı-ayrı mövzularda məruzələr dinlənilib. Tədbirin sonunda qonaqlar ATU-da Anatomiya Muzeyinə baxış keçiriblər, muzeydə saxlanılan unikal eksponatlarla tanış olublar

DİGƏR XƏBƏRLƏR

Top