Alkoqolizm sağlam nəslin düşmənidir

Alkoqolizm - spirtli içkilərin sui-istifadəsi nəticəsində yaranmış və xroniki intoksikasiya doğuran, spirtli içkilərdən psixi və ya fiziki asılılıqla, habelə digər mənfi tibbi-sosial nəticələrlə ifadə olunan xəstəlikdir. Alkoqolizm, sırf tibbi mənada etil spirtinə (alkoqola) aludəçiliklə şərtlənən ən geniş yayılmış toksikomaniyadır. İnsanların spirtli içkilərə qarşı istəyi bəzən açıq şəkildə, bəzən isə stresdən uzaq olmaq istirahət, dərdlərdən uzaq olmaq bəhanəsi adı altında gizlənir. Belə bir istək nəticəsində insan ailəsini, sosial davranış qaydalarını unutmasına, onun cəmiyyətdən tamamilə qopmasına gətirib çıxara bilər. Spirtli içkilər orqanizmə ziyan olması ilə yanaşı, sağlam nəsilin formalaşmasının da qarşısını alır.

“Dünyada baş verən ölümlərin 4 faizi alkoqolizmdən törəyir”

Dünya Səhiyyə Təşkilatının 30 ölkə arasında apardığı araşdırmaya görə içkiyə aludəçilik cinayətlərin 85%-nə, yol qəzasının 61%-nə, namusa təcavüzün 80%-nə, zor tətbiqinin 50%-nə, yanğınların 16%-nə səbəb olur. Eyni araşdırma alkoqol mübtəlası olanların olmayanlara nisbətən 16 dəfə artıq bədbin olduğunu, 30 dəfə artıq zəhərləndiyini, 58 dəfə artıq intihar etdiyini aşkar edib. Ruhi xəstələrin 40-50%-ni, həbs edilənlərin 50%-ni alkoqoliklər təşkil edir.

İçki içilən ailələr yeni nəsillərə böyük zərər verir. Dünya Səhiyyə Təşkilatının hesablamalarına görə içki qəbul edən qadının dünyaya gətirdiyi uşağın çəkisinin normaldan aşağı olması 98%, dodaq və barmaqlarında anormallıq 95%, ruhi problemlər 89%, aqressiv əlamətlər 72%, hormonik cinsi pozğunluq 46%, hissiyat pozğunluğu 41%, ortopedik xəsarət 33%, dəri və dırnaq xəsarəti 30%, ürək zəifliyi 29%, görmə zəifliyi 25% təşkil edir.

Dünya Səhiyyə Təşkilatının hesabatlarına görə, dünyada baş verən ölümlərin 4 faizi alkoqolizmdən törəyir. Belə ölümlərin sayına görə dünya lideri olan Rusiyada isə hər 5 ölümdən birinin səbəbi məhz alkoqolizmdir

“Davamlı spirtli içki qəbul edən bir çox insan tibbi müayinədən keçmir”

Həkim ekspert Adil Qeybulla alkoqol sərxoşluğunun və ya kəskin alkoqol intoksikasiyasının etil spirtinin psixotrop təsiri nəticəsində yarandığını deyir: “Alkoqolizmin əhali arasında nə qədər yayıldığı haqqında dəqiq məlumat əldə etmək çətindir. Bunun ən böyük səbəbi davamlı spirtli içki qəbul edən bir çox insanın tibbi müayinədən keçməməsidir. İntoksikasiyanın əmələgəlmə və əlamətlərin inkişafı bir çox amillərlə, o cümlədən alkoqolun nazik bağırsaqlardan sorulma sürəti, yəni onun mədədən evakuasiyası tezliyindən asılıdır. Mədədə olan qida (miqdarı və tərkibi) spirtin sorulmasını ləngidir. Alkoqolun tündlüyü, müxtəlif dərman maddələrinin (barbituratlar, analgetiklər, neyroleptiklər və s.) qəbulu alkoqolun sorulma sürətinə və onun toksikliyinə təsir göstərir. Spirtli içkilərin təsir gücünə müqavimət göstərən orqanizmin fərdi fiziki və bioloji imkanları da nəzərə alınmalıdır”.

“Müalicə həm tibbi, həm də psixoloji olmalıdır”

Psixoloq ekspert, Elnur Rüstəmov ümümiyyətlə belə zərərli vərdişlərin müalicəsində həm tibbi, həm də psixoloji müayinələr aparılmasının vacib olduğunu vurğuladı: “Alkoqolizmin müalicəsində ola bilsin ki, dərman alkoqol simptomunu aradan qaldırsın, ancaq orada psixoloji dəstək olmasa o nəticəsiz ola bilər. Zərərli vərdişli insanlarda zaman keçdikcə, həmin zərərli vərdişlərə uyğun olaraq qeyri-iradi hərəkətlər də meydana çıxır. Onlarda alkoqolik şəxsiyyət formalaşması, keçmişə bağlılıq, tez-tez kövrəlmə, bir müddət keçdikdən sonra artıq şəxsiyyət parçalanması, həyat yoldaşına qarşı aqressiv hisslər biruzə vermə, xəyanətdə günahlandırma kimi hallar ortaya çıxa bilər. Ona görə də, dərman preparatlarından istifadə bu xəstəliyi köklü həll edə bilmir. Belə insanlarla reabilitasiya prosesində birmənalı olaraq psixoloq dəstəyi lazımdır. Dünyada bu istiqamətdə müxtəlif proqramlar var. Psixoloqlar da həmin proqramlardan istifadə edir. Belə proqramlara “11 addımı” - ı misal kimi göstərmək olar. Bundan başqa psixoanalizlərlə, psixoterapiyalarla işləyirlər”.

E.Rüstəmovun sözlərinə görə, spirtdən təmzilənmə dövrü üçün optimal reabilitasiya proqramının seçilməsi əhəmiyyət daşıyan faktorlardan biridir: “3-4 həftə boyunca xəstəliyin xüsusiyyətləri, bədənə verdiyi zərərlər, içkinin səbəb olduğu müxtəlif problemlər və yaxşılaşarkən nələr hiss olunduğu müzakirə olunmalıdır. Bu müddətdə psixoloji dəstək və lazım olsa tibbi müalicə də alına bilər. Reabilitasiya proqramları gündəlik danışıq və film izləmə, qrup terapiyası, psixoloji konsultasiya müalicəsindən ibarət olur”.

Sonda qeyd edək ki, Azərbaycan Dövlət Statistika Komitəsinin rəsmi səhifəsində yer alan məlumata əsasən ötən il 619 nəfər alkoqolizm və alkoqol psixozu xəstəliyi diaqnozu ilə qeydiyyata alınıb. Ümümiyyətlə isə ölkədə alkoqolizm və alkoqol psixozu xəstəliyindən 21777 nəfər müalicə alır.

Ruzbeh Məmməd

DİGƏR XƏBƏRLƏR

Top