Azərbaycanda mərkəzləşdirilmiş xərclərdən şəhər və rayonlara ayrılan dotasiyalar son 5 ildə 15,6 dəfə azalıb.
Yeniavaz.az Maliyyə Nazirliyi tərəfindən açıqlanan 2020-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsinə istinadən bildirir ki, gələn il yerli xərclər 850,1 milyon manat həddində nəzərdə tutulub və bunun 52,5 milyon manatını mərkəzləşdirilmiş xərclərdən ayrılacaq dotasiya təşkil edəcək. 5 il əvvəl - 2015-ci ildə yerli xərclər 1 milyard 651 milyon manat, mərkəzləşdirilmiş xərclərdən ayrılacaq dotasiya isə 819,4 milyon manat olub. Rəqəmlərdən də göründüyü kimi son 5 ildə yerli xərclər təxminən 2 dəfə azaldığı halda, mərkəzləşdirilmiş xərclərdən ayrılacaq dotasiya 15,6 dəfə azalıb.
Gələn il respublika tabeli şəhərlərin heç biri dotasiya almayacaq. Əvəzində isə 2015-ci illə müqayisədə Bakı şəhəri istisna olmaqla digər şəhərlərdə yerli xərclər kəskin azalacaq. Xankəndi şəhəri üçün isə ümumiyyətlə nə gəlir, nə də xərclər nəzərdə tutulub.
2015-ci il yerli xərclər |
2020-ci il yerli xərclər |
|
Bakı | 243 597 000 | 333 500 000 |
Gəncə | 65 049 000 | 35 968 000 |
Lənkəran | 37 639 000 | 13 973 000 |
Mingəçevir | 32 588 000 | 19 555 000 |
Naftalan | 4 060 000 | 3 289 000 |
Sumqayıt | 75 249 000 | 45 356 000 |
Şəki | 38 780 000 | 12 880 000 |
Şirvan | 16 827 000 | 6 130 000 |
Yevlax | 23 681 000 | 9 470 000 |
Xankəndi | - | - |
Məlumat üçün bildirək ki, Dövlət Statistika Komitəsinin açıqladığı sonuncu məlumatda qeyd olunur ki, Xankəndi şəhərinin 55,8 min əhalisi var. Mərkəzi Seçki Komissiyası isə Xankəndi şəhərində 4 min 806 seçicinin qeydə alındığını açıqlayıb. Lakin, bu qədər əhalinin yaşadığı Xankəndi şəhərində hələ də yerli icra hakimiyyəti orqanları fəaliyyət göstərmir.
A. Cəfərov