Azərbaycanlı şahmatçı ilk "10-luğ"a düşüb

FIDE şahmatçıların noyabr ayı üçün növbəti reytinq cədvəlini açıqlayıb.

Almaniyanın Hamburq şəhərində keçirilmiş FIDE Qran Prisinin qalibi olmuş Aleksandr Qrişuk 2015-ci ilin aprelindən bəri ilk dəfə “Top-5”ə düşüb.

O, 13 xal qazanaraq beşinci sırada qərarlaşıb. Maqnus Karlsen (Norveç), Fabiano Karuana (ABŞ) və Dinq Liren (Çin) yenə reytinqdə bu ardıcıllıqla qərarlaşıb.

Noyabrda aktivinə xal qazandırmağı bacarmayan Şəhriyar Məmmədyarov 2772 xalla yenə yeddincidir. Teymur Rəcəbov isə iki xal itirərək səkkizinci sıradan 10-cu yerə düşüb. Onun aktivində 2765 xal var.

Həmçinin, ən çox xal qazanmış “Top-10” da açıqlanıb. Bunların arasında Rauf Məmmədov da var. Gürcüstandakı Avropa çempionatında və Monteneqrodakı klublararası Avropa Kubokunda öz lövhəsində yaxşı çıxış etmiş Rauf 11 xal toplayıb. Bu nəticə ilə o, reytinqdə ən çox xal toplamış doqquzuncu idmançı olub. Raufun aktivində 2659 xal var və o bu nəticə ilə “Top-100”ə qayıdıb. Məmmədov dünya reytinqində 89-cudur.

Digər şahmatçılarımızdan Qədir Hüseynov altı pillə irəliləyib və 2666 xalla 77-cidir. 11 pillə irəliləyən Nicat Abbasov 2663 xalla 82-ci yerdə qərarlaşıb.

Avropa çempionatının bürünc medalını qazanmış qadın millimizdən isə üç şahmatçı “100-lük”də yer alıb. 11 pillə irəliləyən Günay Məmmədzadə 2455 xalla 27-cidir. Ülviyyə Fətəliyeva 23 pillə irəliləyərək, 2387 xalla 76-cıdır. Gülnar Məmmədova isə 19 pillə irəliləyərək, 2386 xalla 78-ci pillədə qərarlaşıb. Əvəzində Xanım Balacayeva ilk 100 şahmatçının yer aldığı reytinq cədvəlini tərk edib.

Gənc şahmatçımız Vüqar Əsədli də reytinqdə irəliləyib. O, 64-cü pillədən 48-ci sıraya qalxıb.

Qızların reytinqində qadın millimizin lideri olan 19 yaşlı Günay Məmmədzadə bir pillə də irəliləyərək üçüncü sıraya qalxıb. Xanım Balacayeva bir pillə geriləyərək 15-ci olub. Digər gənc qız şahmatçılarımız da geriləyib. Gövhər Beydullayeva indi 63-cü, Nərmin Məmmədova 68-ci və Aydan Höccətova 75-cidir. (oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top