Deputat “Tərtər işi”nə görə Elmira Süleymanovanı heç nə etməməkdə təqsirləndirdi


“Çox təəssüf ki, xalq arasında “Tərtər işi” adı ilə hallanan cinayət hadisəsində işgəncə halları ilə bağlı Elmira Süleymanovanın fəaliyyətini görmədik".
Yeniavaz.com xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib. O bildirib ki, sabiq Ombudsman Elmira Süleymanova artıq yaşa dolmuşdu və öz fəaliyyətlərini layiqincə icra edə bilmirdi:
“Biz bilirik ki, cəmiyyətimizdə Ombudsmanın görəbiləcəyi ciddi işlər var. Çox təəssüf ki, Elmira xanım artıq yaşa dolmuşdur. Son vaxtlar səhhətində yaranmış müəyyən problemlər ona daha aktiv formada fəaliyyət göstərməyə imkan vermirdi. Yəni Ombudsman haqqında qanunun 1.2-ci maddəsində deyilir ki, müvəkkil işgəncənin və ya digər qeyri-insani, alçaldan rəftarın, cəzanın qarşısını almaq üçün fəaliyyət göstərir. Çox təəssüf ki, ciddi ictimai rezonans doğuran bəzi cinayət hadisələri ilə əlaqədar olaraq biz Ombudsmanın bu fəaliyyətini görmədik. Mən xüsusilə xalq arasında “Tərtər işi” adı ilə hallanan cinayət hadisəsini qeyd etmək istəyirəm. Yəni bu cinayət işinin istintaqı zamanı bəlli olmuşdu ki, bizim bir qrup hərbiçi düşmən tərəfə işləyib və ona görə də gözlənilən idi ki, bunun istintaqını aparan şəxslər tərəfindən və digər şəxslər tərəfindən həmin insanlara qarşı bir hiddət və zorakılıq olsun. Bu zaman sözsüz ki, ictimai-siyasi proseslərdən baş çıxara bilən ombudsman bu məsələyə xüsusi diqqət göstərməli idi. Amma nəticədə nə baş verdi, bunu bütün cəmiyyət bilir. Sosial şəbəkələrdə qeyd olunur ki, həmin şəxslərdən həyatını itirənlər oldu. İşgəncə verən insanlar sonradan prokurorluq tərəfindən məsuliyyətə cəlb olundu və onlar haqqında cəza təyin olundu. Amma çox təəssüf ki, ictimaiyyətə bu barədə layiqincə məlumat verilmədi. Düzdür, o işgəncəni törədən insanlar cəzalarını alıblar. Əlbəttə cəzanın nə dərəcədə ədalətli olduğunu kimlərsə mübahisə predimetinə çevirə bilər. Bu insanların cəzalandırılması haqqında ictimaiyyətə məlumat verilməli idi”.
Deputat bildirib ki, yeni seçiləcək ombudsman ictimai-siyasi proseslərdən baş çıxara bilən şəxs olmalıdır və o ombudsman haqqında qanuna dəyişiklik edilməsini təklif edib:
“Hesab edirəm ki, Ombudsman haqqında qanunun 4-cü maddəsində ciddi boşluq var. Baxmayaraq ki, ombudsmanın səlahiyyətləri 2 ildir başa çatıb, biz yeni Ombudsman təyin etməmişik. Ona görə də konstitusiyadakı Ombudsman haqqında qanuna biz dəyişiklik etməliyik. Ombudsmanın səlahiyyəti başa çatana qədər biz yeni Ombudsmanı seçməliyik ki, o həmin gündən öz fəaliyyətlərinin icrasına başlamış olsun”.
Milli Məclisi vitse-spikeri Bahar Muradova isə konstitusiyadakı qanunda Q. Həsənquliyevin iddia etdiyi kimi bir qanun boşluğunun olmadığını bildirib:
“Hazırkı qanunun 4.3-cü maddəsində belə bir hal var ki, Ombudsmanın səlahiyyət müddəti bitən zaman yeni Ombudsman seçilməyibsə, həmin şəxs Ombudsman fəaliyyətini icra etməyə davam edir. Belə bir fikir formalaşmasın ki, indiyə qədər fəaliyyət göstərən Ombudsmanın müddətdən artıq fəaliyyət göstərdiyi vaxt qanunsuz olub və ya tənzimlənməyib. Bu, qanuna tam uyğundur. Yox əgər, bu qanun sizi qane etmirsə yeni təklif verərsiniz, müzakirə edərik”.
Şahmərdan Əhmədli

DİGƏR XƏBƏRLƏR

Top