Şamaxıda zəlzələdə qəzalı vəziyyətə düşən ev niyə bərpa olunmayıb? - FHN-dən AÇIQLAMA - VİDEO


Şamaxıda baş vermiş zəlzələ zamanı bəzi evlər tamamilə dağıldı, yüzlərlə ev qəzalı vəziyyətə düşdü. Hadisədən dərhal sonra dövlət başçısının tapşırığı ilə Fövqəladə Hallar Nazirliyinin yerlərdə komissiyası yaradıldı. Evlərə baxış keçirən komissiya zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüş və ya bərpaya ehtiyacı olan evləri müəyyənləşdirdi.
Zəlzələ nəticəsində zərər çəkənlərdən biri də şəhərin Seyid Əzim Şirvani 58 ünvanında yaşayan Yolçuyeva Zemfira Ağacan qızıdır. Zəlzələ zamanı onun da evində ciddi xəsarətlər meydana gəlsə də, aidiyyatı qurumlar heç bir tədbir görməyiblər. Bununla bağlı Yeniavaz.com-a müraciət edən1950-ci il təvəllüdlü Z. Yolçuyeva bildirir ki, evləri qəzalı vəziyyətdədir və qorxu içində yaşayırlar: “Komissiya gəlib evə baxış keçirən zaman mənə dedilər ki, evin bərpası üçün yaxşı vəsait yazmışıq. Mən də utandım soruşmağa, nə qədər yazdıqlarını. Möhtərəm prezidentimiz Şamaxıya gələn zaman onunla görüşmək istəsəm də, polislər buna imkan vermədilər. Amma mən onun köməkçilərinə problemlə bağlı məktub verə bilmişdim. Onlar da məktubu Fövqəladə Hallar Nazirliyinə göndərmişdilər. Nazirlikdən mənə aprel ayında cavab gəldi ki, yaxın zamanda sizin probleminizi həll edəcəyik. Amma hələ də qapımı açan olmayıb. Dəfələrlə rayonun icra hakimiyyətinə və FHN-nin səlahiyyətli nümayəndəsinə müraciət etsəm də heç bir xeyri olmadı. Evimiz qəzalı vəziyyətdədir və biz qorxu içində yaşayırıq. Evdə uşaqlarım və körpə nəvələrim var, 8 nəfərik”.

Məsələ ilə bağlı həm Şamaxı rayon İcra Hakimiyyətinə, həm də Fövqəladə Hallar Nazirliyinə müraciət etdik. Şamaxı rayon İcra Hakimiyyətinə etdiyimiz zənglər cavabsız qaldı. Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi Gülçin Mehdiyeva isə bildirdi ki, Zemfira Yolçuyevaya FHN əməkdaşları 4 dəfə evi təmir etmək üçün müraciət ediblər: “Lakin o hər dəfəsində bərpa işlərinin aparılmasına razı olmayıb və təkidlə evin yenidən tikilməsini tələb edib.Mütəxəssis rəyində isə evin bərpa olunması nəzərdə tutulub”. 
Z. Yolçuyevanın evinin vəziyyəti ilə bağlı çəkdiyi videolenti və müraciətinin görüntülərini təqdim edirik:

DİGƏR XƏBƏRLƏR

Top