Qurban Qurbanov: "Təəssüf ki, alınmadı"

"Rəqibi təbrik edirəm. Buradan bir xalla qayıtmağı çox istərdik. Əfsuslar olsun ki, alınmadı. Futbolçular çox əziyyət çəkdikər, komandadan razı qaldım".

Bunları "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının qrup mərhələsinin V turunda "Sevilya"ya 0:2 hesabı ilə uduzduqları matçdan sonra deyib.

47 yaşlı mütəxəssis bildirib ki, komandası fasilədən sonra səhvlərə yol verib: 

"Qarşıda çempionat oyunlarımız var. Diqqətimizi ora yönəldəcəyik. Həmçinin "Düdelanj"la matç var. Hər bir turniri yaxşı səviyyədə başa vurmaq istəyirik. Futbolçularımız ilk hissədə yaxşı oynasalar da, fasilədən sonra səhvlərə yol verdilər. Bu da oyunun önəminə görə onların üzərində olan təzyiqdən irəli gəlir. Səhvlər həmişə olur. Bəzən bunlar bağışlanılan olur. Səhvlərə görə futbolçuları başa düşürəm. Məyus oluğum anlar çox olub. Bu da onlardan biridir".

Qurbanov referinin idarəçiliyinə də toxunub: "Bəzən bizim kimi komandalara kiçik baxırlar. Bəzi epizodlarda rəqibə simpatiya vardı. Təkcə penalti epizodunu nəzərdə tutmuram. Hər bir halda hakimin qərarı ilə razılaşmalıyıq. Dünən də demişdik ki, ikinci hissədə fərqli oyun tərzi ola bilər".

Baş məşqçi "Niyə bizdə brayan gillər yoxdur" - sualına belə cavab verib: "Biz kiçik futbol ölkəsiyik. Oyunçu yetişdirmək üçün təcrübəmiz çox olmalıdır. Biz La Liqa ilə Premyer Liqamızı müqayisə edə bilmərik. Bu cür oyunçuları gələcəkdə gözləməliyik. Əfsuslar olsun ki, üzərində işləməli çox işimiz eynidir. İspanlarla baş və ayaq sayımız eynidir, amma futbolda geri qalırıq. Bunadək də qrupdan çıxmaq şansımız olub. "İnter"ə vurduğumuz təmiz qol sayılsaydı, qrupdan çıxardıq. Səhv həmişə olub. APOEL-lə oyunlarımıza baxsaq, rəqibdən heç də zəif oynamamışıq. Nə rəhbərlik, nə biz həvəsdən düşürük. Qarşıya baxmaq lazımdır. Ölkə və "Qarabağ" olaraq daha ciddi addımlar atmalıyıq".

Qurbanov Asmir Beqoviçin komandada qalmasını istədiklərini deyib: "Beqoviçin komandada qalmasını istərdik. İcarə əsasında oynayır. Bizdən asılı olmayan məsələlər var. Dekabrı gözləməliyik".//Report

DİGƏR XƏBƏRLƏR

Top