
YAP-ın Siyasi Şurasının təcili iclasında Milli Məclisin buraxılması ilə bağlı qərar qəbul edilməsi haqqında xəbər vermişdik. Belə olan halda isə yaxın aylarda növbədənkənar parlament seçkilərinin olacağı istisna edilmir. Bəs görəsən hazırkı deputatlardan hansılar bu seçkilərdə yenidən millət vəkili olmaq üçün mübarizə aparacaq?
Yeniavaz.com Milli Məclisin bəzi deputatları arasında məsələ ilə bağlı sorğu keçirib. Yeni Azərbaycan Partiyasının 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsindən seçilmiş deputatı və Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov bildirdi ki, o partiyanın bu haqda verəcəyi qərara tabe olacaq: “Mən 2000-ci ildən etibarən Milli Məclisin üzvüyəm və həmin ildən etibarən Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyim verilib. Ona görə də mənim üçün əsas partiyamızın qərarıdır”.

Vəhdət Partiyasının qurucusu və sədri, həmçinin Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin üzvü Tahir Kərimli isə yenidən deputat seçilməyi arzuladığını dedi: “Bilirsiniz ki, mən namizədliyimi partiyadan vermişdim. Hələ ki, partiya daxilində məsləhətləşməmişik. İstəyirik ki, mənim namizədliyim yenidən verilsin. Mən gizləmirəm, istəyirəm ki, deputat səlahiyyətlərim olsun. Bu həm partiya üçün faydalıdır, həm də mənim üçün söz deməyə meydandır”.

Milli Məclisin bir digər deputatı və həmçinin Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə isə belə bir seçki olarsa orada iştirak etməyə məhkum olduğunu bildirdi: “Ümumiyyətlə bizim partiyamızın qərarı var ki, bütün seçkilərdə iştirak etməliyik. Mən isə bu partiyanın sədriyəm. Əgər partiya seçkilərdə iştirak edəcəksə, mənim ixtiyarım yoxdur ki, seçkidə iştirak etməyim. Amma seçkilər təyin olunduqdan sonra bizim partiyanın mərkəzi komitəsinin plenumu və bürosu olacaq. Bəlkə qurultay da keçirtdik. Bütün bunlardan sonra mən sədr qalsam, seçkidə iştirak etməyə məhkumam”.

Ana Vətən Partiyasının sədri və Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı isə bildirdi ki, partiya olaraq bu seçkilərdə iştirak etmək niyyətindədirlər: “Yeni Azərbaycan Patiyasının bu qərarı ilə mətbuatdan tanış olduq. Əlbəttə demək istəyərdim ki, bu YAP-ın müstəsnə səlahiyyətinə aid olan məsələdir. Biz bunu dəstəkləyirik və onların mövqeyini müdafiə edirik. Düşünürəm ki, bu addım Azərbaycan dövlətinin maraqları baxımından atılmışdır və öz tövhələrini verəcəkdir. Təbii ki, biz də Ana Vətən Partiyası olaraq parlament seçkilərində iştirak etmək niyyətindəyik”.

Milli Məclisə 52 saylı Quba seçki dairəsindən bitərəf olaraq seçilmiş Vahid Əhmədov isə hələ bu barədə fikirləşəcəyini dedi: “Onu zaman göstərər. Hələ Milli Məclisdə müzakirələr gedəcək. Bu YAP-ın hüququdur və konstitusiyaya tam uyğun hərəkət edirlər. YAP parlamentdə üstünlük təşkil edir və onlar imtina edirlərsə əlbəttə parlament buraxıla bilər. Amma mənim iştirak edib-etməməyim hələ ki, bəlli deyil. Bu barədə fikirləşirəm, baxacağam”.

Şahmərdan Əhmədli
Tətbiqimizi yükləyə bilərsiniz