Avtobuslardan pulsuz istifadə bu peşə sahiblərinə də şamil edilə bilər – EKSPERT RƏYİ


Xəbər verdiyimiz kimi Milli Məclisin deputatı Fazil Mustafa şagirdlərin ictimai nəqliyyatdan pulsuz istifadə etməsi ilə bağlı təklifini irəli sürmüşdü. Onun sözlərinə görə, məktəbli paltarında olan hər bir uşaq yaşından asılı olmayaraq ictimai nəqliyyatdan istifadəyə görə pul ödəməməlidir:
"Çox az uşaq olar ki, dərsdən kənar vaxtda məktəbli forması geyib ictimai nəqliyyata minsin. Bizim təklifimiz məhz məktəbli formasında məktəbə gedib-gələn uşaqlara aiddir. Nəqliyyat qurumlarının zərərinin kompensasiyasını da büdcədən təmin etmək mümkündür. Düşünürəm ki, hökumət tərəfindən bu zəruri addım yaxın zamanlarda atılacaq, həm şagirdlərimizi, həm də valideynlərimizi sevindirmək mümkün olacaq". 

Məsələ ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli Yeniavaz.com-a açıqlamasında, şagirdlərin hər dəfə öz mənsubiyyətini sübut etmək məcburiyyətində qalmamalı olduğunu bildirib: “Bunun hansısa formada həyata keçirilmə prinsipi çətin olacaq. Dünyanın müxtəlif ölkələrində tələbələr və şagirdlər üçün xüsusi kartlar var. Hətta, təqaüdçülər üçün də gediş kartları var. Birinci növbədə ölkənin bütün rayonlarında, xüsusilə də Bakı şəhərində bütün nəqliyyat sisteminin kartlaşdırılması ilə bağlı qərar qəbul edilməlidir. Bundan sonra tələbələr və şagirdlərə güzəştli şərtlərlə, simvolik ödənişlərlə kartlar verilə bilər. Simvolik ödəniş də ona görə lazımdır ki, nəqliyyatda statistik məlumatların hesablanması üçün müəyyən dərəcədə əsas yaransın. Yəni, simvolik ödənişlərlə də olsa o kartların tələbələrə, şagirdlərə, təqaüdçülərə  verilməsi prosesi baş verə bilər. Belə bir addım atıla bilər ki, həmin proses daha sivil qaydada, nəzarət oluna biləcək şəkildə həyata keçirilsin. Bu hər hansı sui-istifadə qaydaların qarşısının alınmasında, statistik məlumatların düzgün aparılmasında köməkçi olacaq. Şagird avtobusa hər zaman minəndə özünü sübutmu etməlidir ki, mən şagirdəm? Məsələn, yuxarı sinif şagirdləri var ki, onlar vizual olaraq daha çox tələbəyə oxşayırlar. Yəni, şagirdlər hər dəfə öz mənsubiyyətini sübut etmək məcburiyyətində qalmamalıdırlar. Vahid kart sisteminə keçdikdən sonra  şagirdlər, təqaüdçülər, qüsurlu şəxslər üçün xüsusi kart növlərinin buraxılması, simvolik qiymət təyin edilərək təqdim oluna bilər. Bunun nəticəsində də həm sivil qaydada, həm də statistik məlumatların aparılması üçün baza yaradıla bilər”.
Ekspert Natiq Cəfərli eyni zamanda bu sistemi müəyyən peşə sahalərinə də şamil etməyin mümkün olduğunu bildirdi: “Azərbaycanda nəqliyyat sistemi demək olar ki,  özəl deyil. Metro, avtobus sərnişin daşımasının böyük əksəriyyəti dövlətə məxsusdur. Bunun üçün güzəştlər siyahısı tərtib edilə bilər. Bu güzəştlər siyahısına isə hərbçilərin, təqaüçülərin, jurnalistlərin və digər peşə sahiblərini əlavə etmək olar. Bu da xüsusi kart sistemi ilə həyata keçirilə bilər və onların ödənişləri şagirdlərə nisbətən artıq ola bilər. Amma o da güzəştli şəkildə. Bu, hökümətin verəcəyi qərardan asılıdır. Məsələn, Fransada bir illik bütün nəqliyyatlardan istifadə etmək üçün kartlar satılır. Onu adi insan aldıqda 300 avroya başa gəlir, tələbələrə isə 120-130 avroya. Demək olar 3 dəfə aşağı qiymətə satılır. Bu da çox sərfəlidir. Çünki, tək gediş haqqı müxtəlif nəqliyyat növlərində 2-5 avro arasında dəyişir. Yəni, Azərbaycanda da buna bənzər sistemə keçmək lazımdır ki, qaydaların daha ciddi şəkildə riayət olunmasına, əlavə çətinliklərin yaranmamasına ehtiyyac qalmasın”.
İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top