Xəbər verdiyimiz kimi, bu gün Bakının Nərimanov rayonunun Ağa Neymətulla küçəsindən zəncirvari avtomobil qəzası baş verib.
Yeniavaz.com xəbər verir ki, hadisə şahidlərinin qafqazinfo-ya verdiyi məlumata görə, qəzada iştirak edən maşınlardan biri - 10-XJ-003 dövlət nömrə nişanlı, "Lexus" markalı avtomobil millət vəkili Elman Məmmədova məxsus olub.
Hadisə ilə bağlı qafqazinfo-ya açıqlama verən millət vəkili Elman Məmmədov məlumatı təsdiqləyib: "Bakı Dövlət Universitetinin yubiley tədbirindən çıxıb o istiqamətdə hərəkət edirdim. Oradakı parkın yanından keçirdim. Maşının sürəti 15-20 km/saat idi. Arxadan gəlib maşınımı vurdular, mən də qarşıdakı avtomobilə dəydim. Zəncirvari qəzanı törədən arxada olan 3-cü maşının, "Mecedes" markalı avtomobilin sürücüsü olub. Maşınım da qarşıdakı "Jiquli"yə dəydi. Mənim sürücüm yoxdur, avtomobili özüm idarə edirəm".
Qeyd edək ki, Səhiyyə Nazirliyi də məlum qəzayla bağlı məlumat yayıb. Nazirliyin yaydığı məlumatda bildirilir ki, hadisə yerindən 25 yaşlı hamilə qadın sol ayağın əzilməsi, 26 yaşlı kişi sol qaşüstü nahiyəsinin əzilməsi və 24 yaşlı kişi qapalı kəllə-beyin və burun sümüyünün sınığı diaqnozu ilə KTM-ə çatdırılıblar. Yaralıların vəziyyəti orta-ağır kimi qiymətləndirilir.