Evlərini qızdırmaq üçün görün hansı üsuldan istifadə edirlərmiş - Reyddə aşkarlandı - VİDEO


Bir neçə metr dərinlikdən keçən qaz borusuna qanunsuz olaraq qoşulmalar aşkarlanıb.
Torpaq qazılaraq xüsusi risk daşıyan qaz kəmərinin üzəri açılıb. Bundan sonra bəzi işbazlar kustar üsulla boru çəkərək ev və obyektlərini oğurluq qazla təmin etməyə başlayıblar. Görüntülər ''Azəriqaz'' İstehsalat Birliyinin əməkdaşlarının paytaxtın Sabunçu rayonu, Matştağa qəsəbəsi ərazisində keçirdiyi reyddəndir. Reyd zamanı qəsəbə ərazisində bir neçə yerdə ağılasığmaz üsullarla mavi yanacağın oğurlanması faktı aşkarlanıb. Bir fakt isə yaxınlıqda yaşayan qonşunun ayıq davranması nəticəsində aşkarlanıb. Evin altından keçən qanunsuz xəttdə sızma olub. Bunu görən qonşu dərhal quruma məlumat verib. Faktla bağlı ilk olaraq 5000 abonenti mavi yanacaqla təmin edən borudan qaz boşaldılıb. Daha sonra əsas borudan qanunsuz qoşulmaların ayrılmasına başlanılıb.

''Azəriqaz'' istehsalat birliyinin sözçüsü Ceyhun Səfərov deyir ki, paytaxt ərazisində qaz borularına qanunsuz qoşulma faktı ən çox Maştağa qəsəbəsindədir. İndiyə qədər təkcə bu qəsəbə ərazisində 700-dən artıq qanunsuz qoşulma aşkarlanıb.

Reyd daha sonra qəsəbə daxilində məhəllələr arası küçələrdə davam etdirilib. Burada da bir neçə fakt aşkarlanıb.

Qaz xətlərinə qanunsuz müdaxilələr edib qaz oğurlayan şəxslər barəsində isə hüquq mühafizə orqanlarına müraciət ediləcək. Bu cür hallarla qarşılaşan abonentlər "Azəriqaz''ın 104 və 185 qaynar xətlərinə zəng vurub məlumat verə bilərlər.

DİGƏR XƏBƏRLƏR

Top